İcra başçısı su və kanalizasiya sisteminin çəkilişindən sonra yeni asfalt örtüyü vurulan Azadlıq küçəsində olub
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşan layihə uğurla icra olunur. Ən əsası isə çəkilişlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eyni zamanda Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi küçələrində abadlıq işləri aparılıb. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək yeniləri ilə əvəzlənir. Su və kanalizasiya sisteminin çəkilişi başa çatan Əminə Dilbazi, Murtuz Carçıyev, Molla Vəli Vidadi küçələrinə yeni asfalt örtüyü vurulub, küçələrdə elektrik, rabitə, qaz xətləri səliqəyə salınıb.
Qazaxda su və kanalizasiya sisteminin çəkilişi başa çatan Azadlıq küçəsinə yeni asfalt örtüyün vurulması isə davam etdirilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin küçədə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Ölkəmizi əhatə edən abadlıq işlərinin Qazaxda da geniş miqyas alması, son illər rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirirlər.
Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Azadlıq küçəsi
Molla Vəli Vidadi küçəsi
Heydər Əliyev prospektindən şəhər qəbiristanlığına gedən yol