Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi şəhidinin doğum günündə ailəsini və məzarını ziyarət etdi

27 yanvar 2021 | 16:00

Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 senytabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə yekunlaşan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək dövlətimizin və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdilər. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşdü.
Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytararaq bizlərə Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən igid Vətən oğullarından biri də şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur. Bu gün igid Vətən oğlunun doğum günüdür. Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəmanımız yaşasaydı bu gün 27 yaşı tamam olacaqdı.
Rəhbər kimi fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə qayğı göstərən rayon rəhbərliyi bu təbəqədən olan insanları daim diqqətdə saxlayır. Dövlətimizin, ölkə başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində də onları diqqətdən kənarda qoymur, məzarlarını və ailələrini ziyarət edir, şəhidlərimizə olan hörmət və ehtiramını bildirir.
Öz ənənəsinə sadiq qalan rayon rəhbərliyi 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğlunun doğum gününü də unutmadı.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Teybə Hüseynova, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, qazi Samir Çobanov, şəhidimizin ata və anası, ailə üzvləri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb. İgid Vətən oğlunun məzarını ziyarət edərək əziz xatirəsini dərin hörmətlə yad edib.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri Məhəmməd Məmmədovun ata ocağına gələrək şəhidimizin adına yaradılmış xatirə otağında onun şəxsi əşyalarından, şəkillərindən ibarət guşələrlə tanış olub. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsi ehtiramla yad edib.
44 günlük Vətən müharibəsindən söz açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu və bunu döyüş meydanında da sübut etdiyini bildirib. Azərbaycan Ordusunun, hərbçilərimizin Ali Baş Komandanın ətrafında yumruq kimi sıx birləşərək onun “İrəli!” əmrini layiqincə yerinə yetirdiklərini qeyd edib. Məhəmməd kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdıqlarını vurğulayıb. Qazandığımız böyük Zəfərə görə canından keçərək Şəhidlik zirvəsinə ucalan Məhəmməd kimi oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu diqqətə çatdırıb. İcra başçısı Məhəmmədin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütövlükdə Azərbaycanın oğlu olduğunu dilə gətirib. İllər ötsə belə Məhəmməd kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını bildirib.
“Özümə borc bildim ki, Məhəmmədin doğum gününü sizinlə birlikdə qeyd edim”, - deyən icra başçısı Məhəmmədlə hər birimizin fəxr etdiyini, onun əziz xatirəsinin bundan sonra da daim yad olunacağını söyləyib.
Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan icra başçısı qəhrəman şəhidimizin ölümündən sonra medallarla təltif olunmasını şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi kimi qiymətləndirib. Şəhdimizə verilən medalların onun döyüş meydanında göstərdiyi igidliyə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirib.
Rayon rəhbəri şəhidimizin atası Zakir Məmmədova ölkə Prezidenti İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubuna görə də razılığını bildirib. Şəhid atası kimi dövlətimizin və ölkə başçısının onlara göstərilən qayğısını yüksək qiymətləndirməsini razılıq hissi ilə qarşılayaraq buna görə şəhidimizin atasına təşəkkür edib.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Zakir Məmmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bildirib ki: “Məhəmməd hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir. Onun xatirəsini əbədiləşdirmək üçün ayırdığımız otaq da bizim təsəlli yerimiz olmaqla yanaşı, həm də Onun ruhunun cismən də olsa bizim aramızda olması deməkdir”. Z.Məmmədov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Məhəmmədin doğum günündə onun xatirəsinin yad olunmasını şəhidimizə olan hörmət və ehtiramın əyani sübutu kimi qiymətləndirib.
Şəhidimizin qardaşı Nurlan Məmmədov qardaşı Məhəmməd haqqında ürək sözlərini bildirərək qeyd edib ki: “Bu gün qardaşımın doğum günüdür. İstəyim odur ki, yanımızda olardı. Qismət belə imiş. Mən qardaşımla fəxr edirəm. Həm şəhid olduğu üçün, həm döyüşçü kimi, həm də Vətən oğlu kimi”.
Şəhidimizin sinif və tələbə yoldaşı Sahil Məmmədov isə ürək sözlərini belə çatdırıb: “Məhəmməd və onun kimi şəhid qardaşlarımız həmişə bizim yaddaşımızda qalacaq. Biz yaşadıqca onlar da bizim qəlbimizdə yaşayacaqlar”.
Şəhid Məhəmməd Məmmədov 27 yanvar 1994-cü ildə Qazax rayonunun Alpout  kəndində anadan olmuşdur. 2001-ci ildə Qazax rayon Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Qazax filialının Tarix-coğrafiya fakültəsinə qəbul olmuşdur. 2016-cı ildə universiteti bitirən Məhəmməd elə həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2017-ci ildə həqiqi hərbi xidmətdən qayıtmış, həmin ilin dekabr ayında könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri sırasında zabit kimi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin tağım komandiri olan leytenant Məhəmməd Məmmədov 04.10.2020-ci il tarixdə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 07.10.2020-ci il tarixdə doğulduğu Alpout kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Şəhid leytenantımız Məhəmməd Məmmədov cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

https://www.youtube.com/watch?v=N7p-_qvtcH0

 


 

Keçidlər