Döyüş yoldaşları tərəfindən “Əjdaha” ləqəbi verilən qazaxlı kəşfiyyatçı leytenant
Sentyabrın 27-si Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. Məhz 27 sentyabrdan başlayan haqq savaşımız bizi sonunda böyük Qələbəyə apardı. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimiz əks-sədası ilə bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazdı. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşmənə layiqli yerini göstərdi. İgid Vətən oğulları döyüşdə göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!”.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən cəsur Vətən övladlarından biri də kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğludur.
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin I sinfinə daxil olmuş, 2015-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. “N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Bu gün Mayis Yaqubov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Mayis Yaqubovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!