Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Vətən müharibəsinin qazaxlı şəhidi gizir Tahir İsmayılovun doğum günüdür

30 yanvar 2021 | 16:00

Bu gün tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı yola saldığımız 2020-ci ili müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılan bir il olaraq xatırlayır. Bu, o tarixi ildir ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vurduq. Qazandığımız möhtəşəm Qələbə isə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə xalqımızın 30 illik yurd həsrətinə son qoyduq. 27 sentyabrdan başlayıb 10 noyabrda şanlı Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər vuruşaraq Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də gizir İsmayılov Tahir Niyazi oğludur.
Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Tahir İsmayılovun bu gün doğum günüdür. Vətən torpaqlarının azadlığını canı, qanı bahasına qoruyaraq Şəhidlik zirvəsinə ucalmış gizirimizin yaşasaydı bu gün 33 yaşı tamam olacaqdı.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğıları Qazaxda da hər zaman örnək götürülür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bu təbəqədən olan insanlara daim qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 33 yaşını qeyd etdiyimiz gizir Tahir İsmayılovun ailəsi də ziyarət olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və Vətən müharibəsində iştirak etmiş qazi Samir Çobanov şəhidimizin evində olub, doğum gününü övladları və ailə üzvləri ilə birlikdə qeyd ediblər.
Müavin Gulaya Həsənova rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. G.Həsənova Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Tahir İsmayılov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. Azərbaycan xalqı var olduqca Tahir kimi oğullarımızın daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin göstərdikləri igidliyin, qəhrəmanlığın bugünkü, eləcə də gələcək nəsillər üçün hər zaman örnək olacağını vurğulayıb.
“Şəhidlərimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də Tahirin doğum günündə onun əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə baş çəkməyi, doğum gününü sizlərlə bir yerdə qeyd etməyi özümüzə borc bildik”, - deyən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Şəhidimizin xalası oğlu, qazi Samir Çobanov şəhid gizirimiz haqqında ürək sözlərini bölüşərək Tahirin Vətən torpaqlarının azadlığını hər zaman hər şeydən üstün tutduğunu ölümün gözünə dik baxaraq şəhid olmaqdan bir an olsun belə çəkinmədiyini vurğulayıb. Hər zaman mərd, igid, mübariz bir döyüşçü kimi fərqləndiyini və bu gün də yaddaşlarda o cür xatırlandığını qeyd edib. Tahir kimi qəhrəman oğullarımızla hər zaman fəxr etdiyini dilə gətirib. Bir qazi olaraq şəhidlərimizin, yaralı qazilərimizin ailələrinə göstərilən dövlət qayğısına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü görüşün də göstərilən qayğının əyani sübutu olduğunu qeyd edib.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhidimizin anası Üçgülnaz İsmayılova Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Oğlu Tahirin yurdunda iki oğul övladının böyüdüyünü və onların atalarının adına layiq şəkildə böyümələri üçün əlindən gələni əsirgəmədiklərini bildirib. Şəhid anası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Tahirin simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.
Şəhid Tahir İsmayılov 30 yanvar 1988-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1994-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəb-liseyin 9-cu sinfini bitirmişdir. 2003-cü ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuş və 2006-cı ildə həmin kolleci bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci il tarixdə həqiqi hərbi xidməti başa vurmuşdur. 31.01.2009-cu il tarixdən 11.04.2009-cu il tarixə qədər hərbi kursantlıq oxumuş, 16.04.2009-cu il tarixdən 23.08.2012-ci il tarixə kimi “N” saylı hərbi hissədə gizir olaraq xidmət etmişdir. 26.04.2014-cü il tarixdən yenidən hərbiyə qayıdaraq xidmət etməyə başlamışdır. “N”  saylı hərbi hissənin 1-ci motoatıcı bölüyün 2-ci tağım komandirinin müavini gizir Tahir İsmayılov 25.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid gizir Tahir İsmayılov 26.10.2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Niyazi və Uğur adlı iki azyaşlı oğlan övladı yadigar qalıb. Böyük oğlu Niyazi İsmayılov Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin III, kiçik oğlu Uğur İsmayıllı isə II sinif şagirdidir.
Bütün şəhidlərimiz kimi gizir Tahir İsmayılovun da xatirəsi hər zaman əziz tutulur. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

 

 

Keçidlər