Ölümündən sonra göstərdiyi igidliyə görə üç medalla təltif olunan qazaxlı şəhid Elfak Daşdəmirovla hər birimiz fəxr edirik
Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu.
44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıraraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də şəhid əsgər Daşdəmirov Elfak Eltun oğludur.
Şəhid Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin I sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin IX sinfini bitirmişdir. 2011-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin X sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Şəhid əsgərimiz 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Elfak Daşdəmirov da medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Elfak Daşdəmirovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır.