Vətən uğrunda canından keçən qazaxlı şəhid Emil Kərimov ölümündən sonra üç medalla təltif olundu
Şəhidlik zirvəsi ən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda mübarizə aparan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. 27 sentyabrdan başlayan Vətən müharibəsində, haqq savaşımızda igid, cəsur, qəhrəman Azərbaycan oğulları döyüş meydanında göstərdikləri şücaətlə, ölümün gözünə dik baxaraq torpaq uğrunda canlarından keçməklə bunu bir daha sübut etdilər. 44 günlük savaşda Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “İrəli” əmrini layiqincə yerinə yetirərək torpaq, el-oba, yurd uğrunda qəhrəmancasına vuruşdular. Qanları ilə tarix yazaraq Şəhidlik zirvəsinə ucaldılar. Uca zirvəyə yüksəlməklə Vətəni canımız bahasına olsa belə göz bəbəyi kimi qorumağı bizlərə əmanət qoyub getdilər.
Şəhid əsgər Kərimov Emil İlqar oğlu da torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsinə qatıldı və döyüş meydanında canından keçərək Şəhidlik zirvəsinə ucaldı. Və bu gün Emil kimi oğullarımızın sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır...
Şəhid Emil Kərimov 7 sentyabr 1993-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2013-cü ilin aprel ayında tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin manqa komandiri hərbi vəzifəli əsgər Kərimov Emil İlqar oğlu 25 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulub boya-başa çatdığı İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, iki azyaşlı - Nazənin adlı qız, Amin adlı oğlan övladı yadigar qalıb.
Vətən torpaqlarının bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Emil Kərimov kimi xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullarımızla təkcə Qazax eli deyil, bütün xalq qürur duyur. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!. Ruhun qarşısında baş əyirik.