Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda vaksinasiya prosesi uğurla aparılır

31 yanvar 2021 | 16:00

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir.
Qazax Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1 qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Hazırda rayonda vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçiləri peyvənd olunur. Daha sonra isə yaşı 50–dən yuxarı olan rayon sakinləri könüllülük əsasında peyvənd olunacaqlar.
Qeyd edək ki, rayonda 1464 nəfər tibb işçisi çalışır ki, artıq 761 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir. Bundan əlavə, rayonda 31 nəfər dializ xəstəsi kimi qeydiyyatdadır ki, onlardan 15 nəfəri peyvənd olunub. Bu günə kimi 776 nəfər COVID-19-a qarşı vaksinasiya edilib.
Məlumat üçün onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Keçidlər