Qazaxda hər il olduğu kimi, bu il də suvarma arxları təmizlənir
Hər kəsə yaxşı məlumdur ki, son illər Azərbaycanda bütün sahələrlə yanaşı, qeyri-neft sektorunun inkişafı da dövlət siyasətinin prioritet sahələrindən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlar ölkəmizdə bu sahənin artan templə yüksəlməsindən xəbər verir. Dövlət başçısının qayğısı sayəsində kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərməsi, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verməsi bu dediklərimizin bariz nümunəsidir.
Neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olan aqrar sektor həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Eyni zamanda kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.
Son illər ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir.
İldən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri isə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir və bu da öz bəhrəsini verir.
Bu məqsədlə 2017-ci ildə 274,78 km məsafədə arx və kanallarda təmizlənmə işi aparılmışdır. Bunun da 153,99 km-i texnika vasitəsilə, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilmişdir.
2018-ci ildə 302,44 km məsafədə arx və kanallarda təmizlik işləri görülmüşdür. 151,43 km-i texnika vasitəsilə, 151,01 km-i isə əl əməyi ilə aparılmışdır.
2019-cu ildə 303,23 km məsafədə arx və kanallarda təmizlik işləri yerinə yetirilmişdir. 153,49 km-i texnika vasitəsilə, 149,74 km-i əl əməyi ilə görülmüşdür.
2020-ci ildə 331,49 km məsafədə arx və kanallarda təmizlik işləri həyata keçirilmişdir ki, bunun da 124,67 km-i texnika vasitəsilə, 206,82 km-i əl əməyi işlənmişdir.
Ümumiyyətlə, son 4 ildə rayonda 1211,94 km məsafədə təmizlik işi aparılmışdır ki, bunun da 583,58 km-i texnika vasitəsilə, 628,36 km-i isə əl əməyi ilə təmizlənmişdir.
Hər il olduğu kimi, bu il də Qazax Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə rayonun Cəfərli, Xanlıqlar, Ağköynək, Qarapapaq, Hüseynbəyli, Canalı, Kosalar, Daş Salahlı, Çaylı, Bala Çaylı, Dəmirçilər, Ürkməzli, Alpout, Abbasbəyli, Aşağı Salahlı, Orta Salahlı, Qazaxbəyli, Yuxarı Salahlı, Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli, Qaymaqlı, Kəmərli kəndlərində mövcud olan suvarma arx və kanallarında təmizlik işləri aparılır.
Bu məqsədlə 2021-ci ildə 256,0 km məsafədə suvarma arxlarında təmizlik işlərinin aparılması nəzərdə tutulub ki, bunun 72,9 km-i texnika vasitəsilə, 183,1 km-i əl əməyi ilə yerinə yetiriləcək. Bu sahədə görülən işlərin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, artıq bu günə kimi 262,08 km məsafədə təmizlik işləri aparılıb. Bunun da 96,87 km-i texnika vasitəsilə, 165,21 km-i isə əl əməyi ilə təmizlənib.
Hazırda əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsi bütün kəndlər üzrə uğurla davam etdirilir. Belə ki, əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan sakinlər bu işi ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmaq istəyirlər.
Hər il Qazax rayonunda arx və kanallarda həyata keçirilən bu ümumrayon işini kənd sakinləri də razılıq hissi ilə qarşılayırlar. Görülən bu işi rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi qiymətləndirirlər. Əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması məqsədilə həyata keçirilən bu işlərə görə rayon rəhbərliyinə minnətdarlıq edirlər. Görülən bu işlər nəticəsində suyun ötürücülük gücünün artdığını, həm də su itkisinin qarşısının alındığını qeyd edən sakinlər istər ötən il, istərsə də bu il aparılan təmizlik işlərinin kənd təsərrüfatının inkişaf etdirilməsində öz müsbət nəticəsini verəcəyini bildirirlər.
Cəfərli kəndi
Alpout kəndi
Dəmirçilər kəndi
Çaylı kəndi
Kosalar kəndi
Daş Salahlı kəndi
Hüseynbəyli kəndi
Aslanbəyli kəndi
Aşağı Salahlı kəndi
Orta Salahlı kəndi
Birinci Şıxlı kəndi