Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda forum keçirilmişdir

30 iyun 2016 | 16:00

İyunun 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  Qazax rayonunun Qazaxbəyli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə geniş məlumat verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin hazırlanıb təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı əlaqələrinin möhkəmləndirilməsi, sahibkarların invenstisiya layihələrinin maliyyələşdirilməsi və digər məsələlər olmuşdur. Foruma bank rəhbərləri və 70-ə yaxın sahibkar dəvət olunmuşdur.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov  açmış və respublikamızda, eləcə də  rayonumuzda sahibkarlığın inkişafı ilə bağlı dövlət səviyyəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə forum iştirakçılarına ətraflı məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev  sahibkarlara güzəştli kreditin verilməsinin  mexanizmi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi və digər məsələlər barədə danışmışdır.
Sonra foruma dəvət olunmuş sahibkarlar çıxış etmişlər və bir sıra təkliflər vermişlər. Rayonda sahibkarlığın inkişafına kömək məqsədilə rayonda soyuducu kameraların tikilməsinə ehtiyac olduğunu söyləmişlər.
Sahibkarlardan Aşağı Salahlı kəndindən Namiq Allahverənov, Hüseynbəyli kəndindən Kərəm Nəbiyev soyuducu kameralarının  tikilməsi, Qazaxbəyli kəndindən Namiq Yusibov təsərrüfatının genişlədirilməsi, Birinci Şıxlı kəndindən Namiq Məmmədov 100 baş və  Xanlıqlar kəndindən Vilayət Adıgözəlov 50 baş cins mal almaq üçün güzəştli kreditə ehtiyacları  olduğunu  bildirmişlər.
Sahibkar Arzuman Abdulkərimov süd emalı zavodu və soyuducu kameralar tikmək istədiyini söyləmişdir. Sahibkarlar tərəfindən rayonda  sahibkarlar şurasının yaradılmasına dair təkliflər verilmişdir.
Tədbirin sonunda slayd vasitəsilə “Mətanət - A” şirkətinin əməkdaşı Mais Qasımov Qazax Əhəng zavodu haqqında forum iştirakçılarına məlumat verilmiş və zavodun layihəsi təqdim olunmuşdur.
Tədbirə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yekun vuraraq sahibkarlığın inkişafına kömək məqsədilə rayonda görülmüş işlərdən və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.

Keçidlər