Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsində göstərdiyi igidliyə görə 3 medalla təltif olunmuş yaralı leytenant Bayraməli Əsgərovu evində ziyarət edib

05 fevral 2021 | 16:00

Yola saldığımız 2020-ci ilin şanlı 44 günü! Bu, o qırx dörd gündür ki, Azərbaycanın hərb tarixinə Qələbə, Zəfər dolu günlər kimi yazıldı. 27 sentyabrdan başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəklində birliyi sayəsində Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdı. Bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibini də nümayiş etdirdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi, yeni tarix yazıldı. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin ən ümdə işi olmalıdır. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edən və Qələbədə payı olan oğullarımızdan biri də yaralı leytenant Əsgərov Bayraməli Qasım oğludur.
Döyüş meydanında göstərdiyi şücaətə görə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “İgidliyə görə”, ”Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş leytenantımızla bu gün hər birimiz fəxr edir, qürur duyuruq.
Rəhbər kimi təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq xeyirxah əməlini davam etdirir. Şəhid ailələrini, yaralılarımızı hər zaman ziyarət edir, qayğıları ilə maraqlanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də  aparatın məsul işçiləri ilə birlikdə Xanlıqlar kəndində olub, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə ayaq nahiyəsindən qəlpə yarası almış yaralı leytenant Bayraməli Əsgərovu evində ziyarət edib. Yaralımızın səhhəti və qayğıları ilə maraqlanan icra başçısı Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edərək, yaralımıza tezliklə sağlamlığına qovuşmasını arzulayıb.  44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Bayraməli kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Yaralı Bayraməli Əsgərov döyüş yoldaşları ilə birlikdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu bildirib. O, yaralansa belə düşməndən qisasını aldığını, torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduqları yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə söyləyir. Yaralı leytenantımız ölkə Prezidentinə və icra başçısına bütün hərbiçilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Yaralının ailə üzvləri Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiklərini və qürur duyduqlarını qeyd ediblər. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbiçilərimizə isə Allahdan şəfa diləyiblər. Hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və icra başçısına razılıqlarını ifadə ediblər. Bugünkü görüşü dövlətimizin yaralı hərbçilərimizə olan növbəti qayğısı kimi qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha yaralımızı döyüşlərdə göstərdiyi şücaətə və əldə etdiyi medallara görə təbrik edib, böyük Zəfərə görə Ali Baş Komandana, şəhidlərimizə, Bayraməli kimi oğullarımıza borclu və minnətdar olduğumuzu söyləyib.

Keçidlər