Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Şəhidlər xiyabanına Vətən müharibəsi şəhidlərinin də şəkilləri əks olunmuş lövhələr vurulacaq

09 fevral 2021 | 16:00

Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. Gələcəyimiz olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etmək, torpağımıza, yurd-yuvamıza olan sevgi onların qanına, canına hopsun deyə onları hər zaman şəhidlərimizin döyüş yolu ilə tanış etmək, şəhidlərimizə, onların ailələrinə hörmət və ehtiram hissi ilə böyütmək hər birimizin ən ümdə vəzifəsi və işi olmalıdır. Yetişməkdə olan gələcək nəsil bilməlidir ki, Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil, Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz Vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, Şəhidlik zirvəsinə yüksəlmişlər.
Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur. Yurdumuzun bütövlüyü naminə canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımız öz əməlləri, qəhrəmanlıqları ilə hər zaman yaddaşlarda yaşayacaqlar. Bu zirvəyə ucalan cəsur, igid əsgərləri, qəhrəmanları hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi həyat yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək isə bizim hər birimizin borcu olmalıdır.
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli, Bala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... 
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğıları rayonumuzda da hər zaman örnək götürülür. 
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi Qazaxda şəhidlərimizə olan hörmət və ehtiramının bariz nümunəsidir. Heç təsadüfi deyil ki, rayon rəhbəri tərəfindən Qazaxda aparılan abadlıq işlərinə ilk dəfə Şəhidlər xiyabanından start verildi. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani sübutu oldu. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə hüzn və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.
Şəhərin mərkəzində hər bir rayon sakininin üz tutduğu müqəddəs məkana, ziyarətgaha çevrilən Şəhidlər xiyabanına İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi şəhidlərinin də şəkilləri əks olunmuş löhvələr vurulacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun ziyalıları və aidiyyəti şəxslərlə birlikdə Şəhidlər xiyabanında olub, şəhidlərimizin şəkli əks olunmuş lövhələrin vurulacağı yer müzakirə edilib.
Rayon rəhbərliyi şəhidlərimizin şəkli, ad, soyadı, ata adı, doğum və ölüm tarixləri əks olunmuş lövhələrin hazırlanması, Şəhidlər xiyabanında ayrılmış hissəyə vurulması üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal ziyalılar və rayon ictimaiyyəti adından şəhidlərimizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. İlk gündən şəhidlərimizə, onların ailələrinə göstərilən səmimi münasibətə, qayğıya görə rayon rəhbərliyinə razılığını ifadə edib. Ölkə başçısının şəhidlərimizlə bağlı verdiyi tapşırıq və tövsiyələrin rayonumuzda yüksək səviyyədə icra olunmasını minnətdarlıq hissi ilə qarşıladığını bildirib. Şəhərin mərkəzində şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan Şəhidlər xiyabanının gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində, gənclərimizdə Vətənə, torpağa sevgi hissinin aşılanmasında mühüm rol oynadığını qeyd edib. Bu gün hər bir rayon sakininin fəxr və qürur hissi ilə ziyarət etdiyi Şəhidlər xiyabanını Vətən uğrunda canlarını fəda edən oğul və qızlarımıza verilən ən böyük dəyər kimi qiymətləndirib.

 

Keçidlər