Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub

09 fevral 2021 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək səviyyədə hiss olunur. Son illər dövlət başçısının qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün atılan addımlar, yaradılan şərait, yeni məktəb binalarının tikilməsi, körpələr evi-uşaq bağçalarının inşa olunması, əsaslı şəkildə yenidən qurulması bunu söyləməyə əsas verir.
Ölkə başçısının gələcəyimiz olan uşaqlara göstərdiyi dövlət qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlaması, rayonda mövcud olan bağçaların müasir standartlara cavab verən səviyyəyə çatdırılması istiqamətində gördüyü işlər dediklərimizin bariz nümunəsidir. Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisinin, qayğısının nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyədədir.
Yola saldığımız 2020-ci ildə əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılan növbəti bağçalardan biri də 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır. Rayon rəhbərliyi tərəfindən yenidən qurulan bağçada demək olar ki, əsas işlər başa çatıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub. Görülmüş işləri yüksək qiymətləndirən icra başçısı bağçanın həyətində aparılacaq işlərlə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini də verib.
Bağça müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyib. Rəhbərlik etdiyi kollektiv, eləcə də valideynlər adından gələcəyimiz olan uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edib.

 

Keçidlər