İcra başçısı rayonda uşaq bağçalarının açılması ilə əlaqədar 6 saylı körpələr evi-uşaq bağçasında aparılan hazırlıq işlərinin mövcud vəziyyətini öyrənib
Son vaxtlarda ölkədə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər nəticəsində sanitar vəziyyətin yaxşılaşması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli Qərarının 2.1-ci bəndinə uyğun olaraq məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin 2021-ci il fevralın 15-dən əyani formada təşkili ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkün olduğundan rayon ərazisində fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında hazırlıq tədbirləri həyata keçirilir.
Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Bütün bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib.
Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaq.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 90 yerlik Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasında olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Bağçada təmizlik və dezinfeksiya işlərinin aparılması, gigiyenik qaydalara ciddi riayət olunması və digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnarə Qurbanova ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb. Bağça fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcəklərini, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edəcəklərini, bunun üçün böyük səylə çalışacaqlarını bildirib.