Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda yaz-tarla işlərinə hazırlıq görülür

11 fevral 2021 | 16:00

Azərbaycanda digər sahələrlə yanaşı, aqrar sektorun inkişafı da dövlətin iqtisadi  siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən tədbirlər ölkəmizdə bu sahəni qeyri-neft sektorunun öncül sahəsinə çevirmişdir.
Artıq neçə ildir əsasən məhsuldarlıq hesabına məhsul istehsalı və ixracda kənd təsərrüfatı məhsullarının payı artır, ənənəvi sahələr dirçəlir, dövlət tərəfindən sahibkarlara, fermerlərə verilən dəstək davam edir.
Neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olan aqrar sektor həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Eyni zamanda kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.
Qazaxda məhsuldarlığın artmasının başlıca səbəblərindən biri kimi bitkilərin suvarma suyu ilə təminatına xüsusi fikir verilir.  Rayonda mövcud olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir ki, bu da öz növbəsində nəticəsiz qalmır. Təkcə keçən il 331,49 kilometr arx və kanallarda təmizlik işləri həyata keçirilmişdir. İşlərin 124,67 kilometri texnika vasitəsilə, 206,82 kilometri isə əl əməyi ilə görülmüşdür. Ümumiyyətlə, son 4 ildə rayonda 1211,94 kilometr arx və kanallarda təmizlik işi aparılmışdır.
Yaz-tarla işlərinə hazırlıqla əlaqədar hazırda Rayon Suvarma Sistemləri İdarəsinin əməkdaşları rayon sakinlərinin iştirakı ilə əksər kəndlərdə mövcud olan suvarma arx və kanallarında təmizlik işləri aparırlar. Bu il 256 kilometr suvarma arxlarında təmizlik işlərinin aparılması nəzərdə tutulur. Artıq işin yarıdan çoxu görülmüşdür. Suvarma Sistemləri İdarəsinin kollektivi həmişə olduğu kimi, bu il də təmizlik işlərini optimal müddətdə başa çatdırmağı qarşısına məqsəd qoymuşdur.

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzetinin bölgə müxbiri
10 fevral 2021-ci il

Keçidlər