İcra başçısı Təhsil Nazirliyinin əməkdaşı ilə birlikdə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində olublar
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı və digər aidiyyəti şəxslərlə birlikdə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbdə olublar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2021-ci il tarixli 12 nömrəli "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən məktəblərin açılması ilə bağlı məktəbdə görülmüş işlərin mövcud vəziyyətini öyrəniblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müəllim və şagirdlərə pandemiyadan, uzun sürən fasilədən sonra əyani tədrisə başlamaları münasibətilə səmimi ürək sözlərini çatdırıb. Hər zaman olduğu kimi, bu dəfə də təmizlik və dezinfeksiya işlərinin aparılmasına, gigiyenik qaydalara ciddi riayət olunmasına, Qərardan irəli gələn vəzifələrin, tələb və tövsiyələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşmalarını bildirib.
Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri Orxan Abbasov Təhsil naziri Emin Əmrullayevin adından müəllim və şagirdləri salamlayıb, səmimi fikirlərini bölüşüb. Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülmüş işlərdən, qabaqlayıcı tədbirlərdən danışıb. O.Abbasov COVID-19 virusu ilə mübarizənin, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməyin hər bir vətəndaşın işi olduğunu bildirib. Məktəblərdə tədrisin əyani şəkildə davam etməsində müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü və bunun üçün xüsusi karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl etmələrini tövsiyə edib.
Məktəb direktoru Yaşar Əliyev təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil naziri Emin Əmrullayevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Məktəbdə tədrisin əyani formada davam etdirilməsi üçün xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcəklərini, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edəcəklərini, bunun üçün böyük səylə çalışacaqlarını bildirib.