Vətən müharibəsinin qazaxlı şəhidi çavuş Davud Qurbanovun doğum günündə məzarı ziyarət olunub
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan İkinci Qarabağ müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri kimi hərb tariximizə və xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, məğrur və yenilməz xalqımızın iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan dövləti bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğunu sübut etdi. “Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan igid Vətən oğulları bu döyüşdə xalqımızın 30 illik torpaq həsrətinə son qoymaqla yanaşı, Azərbaycanda illərdir güclü dövlət quruculuğunun olduğunu hər kəsə bir daha nümayiş etdirdi.
Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də çavuş Qurbanov Davud Tariyel oğludur. Döyüşdə göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş çavuş Davud Qurbanovun bu gün doğum günüdür. Vətən torpaqlarının azadlığını canı, qanı bahasına qoruyaraq Şəhidlik zirvəsinə ucalmış çavuşumuzun yaşasaydı bu gün 25 yaşı tamam olacaqdı.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da hər zaman örnək götürülür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşır. Rayon rəhbərliyi tərəfindən əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələri və məzarları ziyarət olunur, igid Vətən oğullarının əziz xatirələri dərin ehtiramla yad edilir. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 25 yaşını qeyd etdiyimiz çavuş Davud Qurbanovun xatirəsi də yad olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Gülnar Quluyeva və Vətən müharibəsində iştirak etmiş qazi Samir Çobanov Birinci Şıxlı kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Müavin Gulaya Həsənova rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə payı olan Davud Qurbanov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. Azərbaycan xalqı var olduqca Davud kimi igid oğullarımızın daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhidlərimizin göstərdikləri igidliyin, qəhrəmanlığın bugünkü və gələcək nəsillər üçün hər zaman örnək olacağını vurğulayıb. “Şəhidlərimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də Davudun doğum günündə onun əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə baş çəkməyi, doğum gününü sizlərlə bir yerdə qeyd etməyi özümüzə borc bildik”, - deyən müavin şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Övladı haqqında ürək sözlərini bölüşən şəhidimizin anası Qənirə Hacıyeva Davudun hər zaman torpaq, yurd-yuva, Vətən sevdalı olduğunu bildirib. “Oğlum Vətən yolunda şəhid oldu. Yaşasaydı və Vətəni darda olsaydı Davud yenə də döyüşə gedərdi. Çünki Vətən sevgisi uşaqlıqdan onun qanına, canına hopmuşdu. Bu gün tək təsəllimiz odur ki, Davud təkcə öz el-obasının deyil, bütöv Azərbaycanın oğludur, şəhididir. Necə ki, mən övladımla fəxr edirəm, eləcə də bütöv Azərbaycan Davud kimi oğullarla fəxr edir”.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhidimizin atası Tariyel Qurbanov da Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Oğlu Davudun Vətən torpaqlarının azadlığını hər zaman hər şeydən üstün tutduğunu, ölümün gözünə dik baxaraq şəhid olmaqdan bir an olsun belə çəkinmədiyini vurğulayıb. Övladının adi həyatda seçilməyi bacardığı kimi, döyüş meydanında da igid, mübariz bir döyüşçü kimi fərqləndiyini və bu gün də yaddaşlarda o cür həkk olunduğunu qeyd edib. T.Qurbanov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Davudun simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.
Şəhid Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirmişdir. Həmin il universitetin magistratura pilləsinə qəbul olmuş və 2019-cu ildə magistraturanı bitirmişdir. 2019-cu ilin fevral ayında “Space” televiziya və yayım şirkətində montajçı vəzifəsində iş fəaliyyətinə başlamış və iyun ayına kimi orada işləmişdir. 2019-cu ilin iyul ayından “Azad Azərbaycan” (ATV) teleradio və yayım şirkətində montajçı vəzifəsində işə başlamışdır. Oktyabr ayından iş fəaliyyətini dondurub həqiqi hərbi xidmətə yollanmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət müddətində minaatan batareyada manqa komandiri vəzifəsində kiçik çavuş rütbəsiylə xidmət etmiş və bu müddətdə çavuş rütbəsinə qədər yüksəlmişdir. Davud Qurbanov 03.10.2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 04.10.2020-ci ildə Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən torpaqlarının ərazi bütövlüyü və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Davud Qurbanovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Davud kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.