İcra başçısı Azadlıq küçəsində yerləşən 31A saylı çoxmənzilli yaşayış binasının həyətində aparılan abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb
Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən reallaşan layihə uğurla icra olunur. Ən əsası da çəkilişlər yekunlaşan kimi həmin ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır. Şəhərdə prospekt və küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi başa çatan və yeni asfalt örtüyü vurulan Azadlıq küçəsində yerləşən 31A saylı çoxmənzilli yaşayış binasının həyətində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Ölkəmizi əhatə edən abadlıq işlərinin Qazaxda da geniş miqyas alması, son illər rayonda yeni asfalt yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması sakinlər tərəfindən də razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan və abadlıq işləri aparılan Heydər Əliyev prospekti