Qazaxda icra başçısı COVID-19 əleyhinə peyvənd olunub
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.
Hazırda rayonda yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiya prosesi aparılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da Rayon Mərkəzi Xəstəxanasına gələrək COVID-19 əleyhinə peyvənd olunub.
Vətəndaşlarla səmimi söhbət edən icra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülümüş işlərin kökündə onların sağlamlığının dayandığını bildirib. İcra başçısı pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu qeyd edib və ümumrayon işində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Məlumat üçün bildirək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinasiya prosesinin yüksək mütəşəkkilliklə aparılması üçün bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1 qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb. Bundan əlavə, peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.