Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qazax rayon təşkilatının yaradılmasının 23-cü ildönümü qeyd olunmuşdur

21 iyul 2016 | 16:00

YAP Qazax rayon təşkilatının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. 
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açmış və ötən müddət ərzində dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. 
Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov məruzə ilə çıxış etmişdir.  Bildirmişdir ki, biz hər il ənənəvi olaraq YAP Qazax rayon təşkilatının yaradılmasının ildönümünü qeyd edirik. Hər kəsə yaxşı məlumdur ki,  Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir  tarixində öz yeri və siyasi gücü vardır. YAP-ın yaranma dövrünü göz önünə gətirdiyimiz zaman görürük ki, partiyamız üzləşdiyi bütün  çətinliklərdən, sınaqlardan həmişə üzü ağ çıxmışdır.
Yeni Azərbaycan Partiyasının apardığı siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə inkişafa nail olunub, ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmışdır.  Respublikamız möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında  uğurla inkişaf edir.  Qeyd olunmuşdur ki, xalqımız qazanılan uğurlara çox çətinliklə nail olub. Çox da uzaq olmayan 1992-ci ilin payızına doğru ölkədə total böhran özünü açıq şəkildə göstərirdi. Hərbi məğlubiyyətlər, siyasi çəkişmələr, cinayətkarlıq halları Azərbaycanın dövlət müstəqilliyini təhlükə altına qoymuşdu. Belə bir halda ölkənin mütərəqqi fikirli ziyalıları 1992-ci il oktyabrında Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi, Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. Beləliklə, Azərbaycanın yeni dövrü başlandı, partiyamız hakimiyyətə gəldikdən sonra tarixi uğurlara imza atdı. Bu gün partiyamız Ulu Öndərin siyasi xəttini inamla və dönmədən həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, o zamandan bəri ölkədə keçirilmiş bütün seçkilərdə YAP və onun lideri qalib gəlib. 
Daha sonra H.Pənahov YAP Qazax rayon təşkilatının yaranma tarixindən, keçdiyi çətin və şərəfli yoldan ətraflı danışmışdır. Bildirmişdir ki, ötən 23 il ərzində rayon təşkilatı daha da inkişaf etmiş, Respublikanın və rayonumuzun ictimai-siyasi həyatında fəal rol oynamış, sıralarını daha da genişləndirmişdir.
Sonda H.Pənahov YAP Qazax rayon təşkilatının yaradılmasının 23-cü ildönümü münasibətilə bütün partiya üzvlərini təbrik etmiş  və səmimi arzularını çatdırmışdır.
Məruzə ətrafında YAP Qazax rayon təşkilatının Şura üzvlərindən Abbas Göyüşov, Tərlan Bədəlova, rayon təşkilatının sədr müavini Səfurə Vəliyeva, partiya fəalı Bəsti Ələkbərova çıxış etmişlər. Rayon təşkilatının ötən dövrlərdəki fəaliyyətindən, keçdiyi yoldan  danışmışlar və təbriklərini  catdırmışlar. 
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov çıxış etmişdir.  O, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan, gördüyü genişmiqyaslı işlərdən ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir və ən böyük partiyasıdır. Ötən illər ərzində partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanmışdır. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətlərini göstərirlər.
Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin siyasəti bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə siyasi və iqtisadi islahatlar uğurla aparılır. Azərbaycan bir neçə nüfuzlu beynəlxalq təşkilatın üzvüdür.  Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilmişdir və bu investisiyalar hesabına Azərbaycan bu gün sürətlə inkişaf edir. Bütün dünyada etibarlı tərəfdaş imici qazanmışdır. Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək Ulu Öndərin xüsusi zəhməti hesabına mümkün olmuşdur. Son illərdə görülən bütün işlər, qazanılan uğurlar əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu daha da artırır.
Biz tam əminik ki, ölkə iqtisadiyyatının güclənməsi, ordu quruculuğunun genişlənməsi, dövlətimizin və ordumuzun gücünün artırılması sayəsində ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə  yaxın vaxtlarda Yeni Azərbaycan Partiyasının yubileylərini və ildönümlərini Dağlıq Qarabağda-Xankəndində və Şuşada keçirəcəyik.
İcra Başçısı daha sonra rayonda görülən işlərdən danışdı. Bildirdi ki, rayonda güclü tikinti-abadlıq və quruculuq işlərinə start verilmişdir. Rayonumuz bu gün çox geniş və uğurlu bir inkişaf yolunun başlanğıcındadır. Çox yaxın vaxtlarda biz bu inkişafın, əldə olunmuş uğurların sizinlə birgə şahidi olacağıq. Biz partiya üzvlərinin köməyi ilə rayonumuzda bütün sahələrdə uğurlar qazanacağıq, rayonumuz daha da inkişaf edəcəkdir. 
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxışının sonunda  YAP Qazax rayon təşkilatının bütün üzvlərini təbrik etmiş, onlara möhkəm cansağlığı, çətin və məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulamışdır.

Keçidlər