Şriftin ölçüsü :

Saytın rəngi :

Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin kollektivi Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsini yad ediblər

16 fevral 2021 | 16:00

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə bir ömür boyu minnətdar olacağıq.
Vətən, torpaq, yurd naminə canını fəda edərək Şəhidlik zirvəsinə ucalan və şəhadəti ilə ölümsüzlüyə qovuşan oğullarımızı yad etmək hər birimizin borcudur.
Bu gün Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin kollektivi də Vətən müharibəsində şəhid olmuş məzunları - baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun, Qocayev Niftalı Zakir oğlunun və əsgər Allahverdiyev Sakit Şahin oğlunun əziz xatirələrini yad ediblər.
Şəhidlərimizin valideynlərinin, ibtidai sinif müəllimlərinin, sinif rəhbərlərinin və məktəblilərin iştirakı ilə keçirilən görüşdə igid Vətən oğullarının orta məktəb illərinə, döyüş yollarına nəzər salınıb, şəhidlərimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb. Şəhidlərimizə həsr olunmuş şeirlər səslənib.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Çaylı kənd məscidinin dini icmasının sədri Sahilə Orucova çıxış edərək ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun qazandığı böyük Qələbədən söz açıblar. Tarixi qələbədə payı olan İsmayıl, Niftalı, Sakit kimi qəhrəman oğullarımızın hər birimizin fəxri olduğunu qeyd ediblər. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu borclu olduğumuzu söyləyiblər. Gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu vurğulayıblar. Şəhidlərimizə, onların ailələrinə göstərilən dövlət qayğısından danışaraq bugünkü anım tədbirini də həmin qayğının bariz nümunəsi kimi qiymətləndiriblər. 
Şəhidlərimizin valideynləri övladlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Pandemiya və müharibədən sonra məktəblərdə keçirilən ilk dərsin övladlarına, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr olunmasını yüksək qiymətləndiriblər. Bu tədbirin təşəbbüskarı olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür ediblər. Bugünkü anım tədbirini rayon rəhbərliyinin şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndiriblər. Övladlarının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə razılıqlarını ifadə ediblər.
Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyərək onlara olan ehtiramlarını bildiriblər.

 

Keçidlər