Şriftin ölçüsü :

Saytın rəngi :

Döyüş yoldaşları tərəfindən “Əjdaha” ləqəbi verilən qazaxlı kəşfiyyatçının əziz xatirəsi oxuduğu məktəbdə anılıb

16 fevral 2021 | 16:00

2020-ci ilin 27 sentyabrı! Bu o tarixdir ki, Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin, Zəfərin başlanğıc tarixi kimi xatırlanacaq. İllər ötsə belə 27 sentyabrdan başlayan və bizi sonunda böyük Qələbəyə aparan haqq savaşımızı unutmayacağıq. Uzun illərin həsrətinə son qoyan 44 günlük Zəfərimizin qəhrəmanlarına çevrilən cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi və rəşadətli Azərbaycan Ordusunu qəlbimizə, yaddaşımıza əbədi həkk edəcəyik. 44 gün davam edən İkinci Qarabağ müharibəsində müasir hərb tarixində nümunə göstəriləcək əsl qəhrəmanlıq dastanı yazan oğullarımızla bir ömür boyu fəxr edib, qürur duyacağıq. “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir!” söyləyərək canını Vətən yolunda fəda edən, Şəhidlik zirvəsini özlərinə ömür payı biçən igidlərimizi, qəhrəmanlarımızı unutmayacağıq. Azərbaycan xalqı var olduqca onlar bizim qəlbimizdə əbədi yaşayacaqlar.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərən cəsur Vətən övladlarından biri də Daş Salahlının igidi, döyüş yoldaşlarının “Əjdaha” ləqəbi verdiyi kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğludur.
Bu gün Mayis Yaqubovla Qazax eli, doğulub boya-başa çatdığı Daş Salahlı mahalı deyil, bütöv Azərbaycan fəxr edir. Sağlığında “Ana mənə nağıl danış, ancaq o nağılın əjdahası mən olum”, - deyən Mayis bu gün özü “Azərbaycan” adlı nağılın qəhrəmanına çevrildi. Döyüş meydanında sinəsini düşmənə sipər edərək, uşaqlıqdan azad etməyi özünə borc bildiyi torpaqları göz bəbəyi kimi qorudu. Şəhidlik zirvəsini özünə ulu Tanrının ona bəxş etdiyi ən gözəl nemət bildi. Allahın ona yazdığı alın yazısını Şəhidlik zirvəsinə ucalaraq dastan etdi.
Şəhid Mayis Yaqubovla oxuduğu Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin kollektivi də fəxr edir, qəhrəman məzunu ilə qürur duyur.
Bu gün şəhidimizin əziz xatirəsi oxuduğu məktəbdə də anılıb. Şəhidimizin valideyninin, ibtidai sinif müəlliminin, sinif rəhbərinin və məktəb şagirdlərinin iştirakı ilə keçirilən görüşdə igid Vətən oğlunun məktəb illərinə, döyüş yoluna nəzər salınıb, şəhidimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının, şəhid bacısı Hicranə Məmmədovanın və məktəb kollektivinin iştirak etdiyi tədbirdə şəhidimizə həsr olunmuş şeirlər səslənib, əziz xatirəsi dərin ehtiramla yad olunub. 
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək şəhidimizə Allahdan rəhmət, valideynlərinə səbir diləyib. Şəhidimizin ruhu və valideynləri qarşısında hər birimizin baş əydiyini vurğulayıb. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə payı olan Mayis kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Mayis kimi qəhrəmanlarımızın hesabına torpaqlarımızın bütövlüyünün bərpa olunduğunu söyləyən müavin 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu borclu olduğumuzu bildirib. Gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu qeyd edib. Şəhidlərimizə, onların ailələrinə göstərilən dövlət qayğısından danışan G.Həsənova bugünkü anım tədbirini də həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib. 
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün nümunə olduğunu söyləyib. Yetişməkdə olan gənc nəsli vətənpərvər ruhda böyütməli olduğumuzu diqqətə çatdırıb.
Şəhid bacısı Hicranə Məmmədova çıxış edərək qardaşı Fidat Məmmədovla, eləcə də bütün şəhidlərimizlə, Mayis kimi oğullarımızla fəxr etdiyini, şəhidlərimizin valideynləri qarşısında baş əydiyini bildirib. 44 gündə Azərbaycanı qalib ölkə kimi bütün dünyaya tanıdan Mayis kimi oğullarımızın, bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyib.
Şəhid atası Rəhim Yaqubov övladına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Pandemiya və müharibədən sonra məktəblərdə keçirilən ilk dərsin övladına, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr olunmasını yüksək qiymətləndirib. Bu tədbirin təşəbbüskarı olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edib. Bugünkü anım tədbirini rayon rəhbərliyinin şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndirib. Övladının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə razılığını ifadə edib.
Sonda məktəblilər şəhidimizə həsr olunmuş şeirlər söyləyərək ona olan ehtiramlarını bildiriblər.
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlamışdır. “N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının “Əjdaha” ləqəbi ilə çağırdığı 22 yaşlı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Bəli, bu gün Mayis Yaqubov kimi qəhrəman oğullarımızı yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bizlər də Mayis Yaqubovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.

 

Keçidlər