Qazaxda şəhid Elməddin Nəsibovun qızı Nəzrinin ad günü qeyd olunub
2020-ci il Azərbaycan tarixində erməni işğalçılarına qarşı Vətən müharibəsində qazandığımız böyük hərbi Zəfərlə unudulmaz iz qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın mərd oğulları düşməni döyüş meydanında məğlub edərək şəhidlərimizin qanı tökülən müqəddəs torpaqlarımızın işğalına və 30 illik həsrətə son qoydular.
44 günlük Vətən müharibəsində canından keçərək Şəhidlik zivəsinə ucalan və daim qəlbimizdə yaşayan igid oğullarımızdan biri də şəhid müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), əsgər Nəsibov Elməddin Yusif oğludur.
Bu gün igid Vətən oğlunun övladı Nəzrin Nəsibovanın 11 yaşı tamam olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı Qazaxda hər zaman örnək götürülür.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə və onların ailələrinə daim qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz qayğısını bu gün də əsirgəmir. Rayon rəhbərliyi tərəfindən əsası qoyulan ənənə bu gün də davam etdirilir. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində ailələrinin və məzarlarının ziyarət olunması unudulmur.
Rayon rəhbəri Vətən müharibəsinin şəhidi Elməddin Nəsibovun övladının doğum gününü də unutmadı. Bu gün 11 yaşını qeyd edən Nəzrin balamızı tək qoymadı. Rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov Ağköynək kəndində şəhidimizin evində olub, övladının doğum gününü ailə üzvləri ilə birlikdə qeyd ediblər. Şəhidimizin ilk övladı olan Nəzrinə hədiyyələrini təqdim edib, rayon rəhbərliyinin adından səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açaraq həmin qələbədə Elməddin Nəsibov kimi igid oğullarımızın payı olduğunu bildirib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca Elməddin kimi igid oğullarımızın daim qəlblərdə yaşayacağını qeyd edib. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhidimizin övladını təbrik edərək onun hər birimizin övladı olduğunu bildirib. Şəhidlərimizin, qazilərimizin bir amal uğrunda – gələcək nəsillər firəvan yaşasın deyə, torpaqlarımız düşmən tapdağından azad olunsun deyə vuruşduqlarını qeyd edib. “Şəhidlərimizin övladları onların bizlərə əmanətidir. Onlara bizlər sahib çıxmalıyıq”, - deyən S.Çobanov dövlətin hər zaman olduğu kimi, bundan sonra da onların yanında olacağını vurğulayıb. Ölkə başçısının müvafiq Fərmanı ilə rəhbəri olduğu yeni yaradılan şöbənin də məhz şəhidlərimizin, qazilərimizin qayğılarının öyrənilməsinə və həllinə xidmət edəcəyini qeyd edib.
Şəhidimizin həyat yoldaşı Aksana Nəsibova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun təbrik olunmasını, ömür-gün yoldaşının xatirəsinin əziz tutulmasını Elməddinin simasında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1989-cu ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayında isə tərxis olunmuşdur. 12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək “N” saylı hərbi hissədə “Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. “N” saylı hərbi hissənin komandiri olmuşdur. 26 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb. Böyük qızı Nəzrin Ağköynək kənd tam orta məktəbin V, kiçik qızı Nigar isə II sinif şagirdidir.
Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.