Vətən müharibəsində şəhid olan qazaxlı çavuş Xaliddin Veyislinin xatirəsi oxuduğu məktəbdə də anılıb
27 sentyabrdan başlayıb 10 noyabrda tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən xeyli vaxt keçməsinə baxmayaraq bu gün də bütün dünya Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı həmin tarixi Qələbədən, böyük Zəfərdən danışır. O müharibə ki, torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz torpaqlarımızdan qovdu. Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işi olmalıdır.
Qazaxda şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın xatirəsi daim yad olunur, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu gələcək nəsillər üçün örnək göstərilir.
Bu gün Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin məzunu olmuş, Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız çavuş Veyisli Xaliddin Zərgər oğlunun əziz xatirəsi yad olunub.
Şəhidimizin valideynlərinin, məktəblilərin iştirakı ilə keçirilən görüşdə igid Vətən oğlunun məktəb illərinə, döyüş yoluna nəzər salınıb, şəhidimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın və Rayon Təhsil Şöbəsinin müdir müavini Əziz Məmmədovun, məktəb direktorunun iştirak etdiyi tədbirdə şəhidlərimizə həsr olunmuş şeirlər səslənib, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.
Tədbirdə çıxış edənlər ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Xaliddin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildiriblər. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu borclu olduğumuzu söyləyiblər. Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün nümunə olduğunu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu qeyd ediblər.
Məktəb direktoru Bəsdi Ələkbərova və müəllimlər məktəbin yetirməsi olan Xaliddin kimi oğullarımızla fəxr etdiklərini, şəhidlərimizin valideynləri qarşısında baş əydiklərini bildiriblər. Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyiblər.
Şəhidimizin atası Zərgər Veyisov, anası Natella Qocayeva övladlarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Pandemiya və müharibədən sonra məktəblərdə keçirilən ilk dərsin övladlarına, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr olunmasını yüksək qiymətləndiriblər. Bu tədbirin təşəbbüskarı olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür ediblər. Bugünkü anım tədbirini rayon rəhbərliyinin şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndiriblər. Övladlarının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə razılıqlarını ifadə ediblər.
Sonda məktəblilər şəhidlərimizə həsr olunmuş şeirlər söyləyərək onlara olan ehtiramlarını bildiriblər.