Şriftin ölçüsü :

Saytın rəngi :

20 yaşlı Vətən müharibəsi şəhidinin xatirəsi oxuduğu məktəbdə yad edilib

15 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə yaddaşlara əbədi həkk olundu. 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də Xeyirin Şər üzərində qələbəsi oldu.
Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu baş əyməliyik.
“Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də 20 yaşlı əsgər Hüseynov İlqar Yaşar oğludur.
Bu gün Qaratel Hacımahmudova adına Qazax şəhər ümumi orta məktəbin məzun olmuş, Vətən uğrunda Şəhidlik zirvəsinə yüksələn 20 yaşlı qəhrəmanımızın əziz xatirəsi oxuduğu məktəbdə yad olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Rayon Təhsil Şöbəsinin müdir müavini Əziz Məmmədovun, şəhidimizin valideyninin, məktəb direktorunun, müəllimlərin, məktəblilərin iştirak etdiyi tədbirdə igid Vətən oğlunun məktəb illərinə, döyüş yoluna nəzər salınıb, şəhidimizə həsr olunmuş şeirlər səslənib, şəhidimiz xoş xatirələrlə anılıb.
Tədbirdə çıxış edənlər ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan İlqar kimi gənclərimizlə bu gün hər birimizin fəxr etdiyini bildiriblər. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə borclu olduğumuzu söyləyiblər. Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün örnək olduğunu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu qeyd ediblər.
Məktəb direktoru Yeganə Göyüşlü və müəllimlər məktəbin yetirməsi olan İlqar kimi oğullarımızla fəxr etdiklərini, şəhidlərimizin valideynləri qarşısında baş əydiklərini bildiriblər. Vətənin, xalqın başını uca edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyiblər.
Şəhidimizin anası Nurcahan Ağasultanova övladına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev başda olmaqla, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Pandemiya və müharibədən sonra məktəblərdə keçirilən ilk dərsin övladına, eləcə də Vətən müharibəsi şəhidlərinə həsr olunmasını yüksək qiymətləndirib. Bu tədbirin təşəbbüskarı olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkür edib. Bugünkü anım tədbirini rayon rəhbərliyinin şəhidlərimizə olan növbəti qayğısı kimi dəyərləndirib. Övladının daim qəlblərdə yaşaması üçün bu cür anım tədbirlərini təşkil edən və əməyi keçən hər kəsə razılığını bildirib.
Sonda məktəbin VII sinif şagirdləri Halə Camalova, Ülvi Alıyev, Leyla Həsənova, Sevda Adıgözəlova şəhidlərimizə həsr olunmuş şeirlər söyləyərək onlara olan ehtiramlarını bildiriblər.

 

Keçidlər