Şriftin ölçüsü :

Saytın rəngi :

22 iyul - Milli Mətbuat və jurnalistika gününə həsr olunmuş tədbir keçirilmişdir

22 iyul 2016 | 16:00

Qazaxda Milli Mətbuat gününə həsr olunmuş  tədbir keçirilmişdir.  Tədbirdə Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Aparatın məsul işçiləri, mətbuat nümayəndələri, jurnalistlər, təhsil və mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq  bildirmişdir ki, 21 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında” və “ Mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” iki sərəncam imzalamışdır.  Bu sərəncamlar milli mətbuat günü ərəfəsində Azərbaycan Respublikasının Prezidentinin mətbuat işçilərinə və jurnalistlərə göstərdiyi diqqət və qayğının əyani nümunəsidir. Dövlətimiz tərəfindən bu cür diqqət və qayğı mətbuat nümayəndələrinə həmişə göstərilmişdir. Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin mətbuat nümayəndələrinə göstərmiş olduğu diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Yuxarıda göstərilən sərəncamlar dediklərimizi bir daha təsdiq edir.
Qeyd olunmuşdur ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır. Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı. 
1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist Partiyasının orqanı olan "Pravda" qəzetinin ilk nömrəsinin çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov Azərbaycan Milli Mətbuatının 141-ci ildönümü münasibətilə mətbuat nümayəndələrini təbrik etmiş onlara  möhkəm cansağlığı və yaradıcılıq fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır.
Sonra çıxışlar olmuşdur.
Tədbirin sonunda  bir sıra mətbuat işçiləri Qazax rayonu İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunmuş və onlara hədiyyələr verilmişdir.

Keçidlər