İcra başçısı ölümündən sonra beş medalla təltif olunan Vətən müharibəsi şəhidinin doğum gününü ailəsi ilə birlikdə qeyd edib
Bu gün Azərbaycan xalqı yola saldığımız 2020-ci ili Qələbə ili kimi xatırlayır. O tarixi qələbə ki, 44 günlük Vətən müharibəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsi müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. 27 sentyabrdan başlayıb 10 noyabrda böyük Zəfərlə başa çatan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun əsgər və zabitlərinin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu.
Bu müqəddəs yolda, torpaqlarımız uğrunda gedən döyüşlərdə ölümün gözünə dik baxaraq Vətəni canı bahasına qoruyan və Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də 27 yaşlı qazaxlı şəhidimiz əsgər Nəsibov Asəf Səfəralı oğludur.
Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.
Öz ənənəsinə sadiq qalan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun da doğum gününü unutmayıb. İcra başçısı bu gün Vətən müharibəsi şəhidinin 27 yaşını ailəsi ilə birlikdə qeyd edib. Ölümündən sonra ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən 5 medalla təltif olunmuş igid Vətən oğluna olan sonsuz ehtiramını bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədri Azər Məmmədov, şəhidimizin ailə üzvləri, təhsil aldığı orta məktəbin direktoru və sinif rəhbəri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri Asəf Nəsibovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan icra başçısı Asəf Nəsibov kimi oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildirib.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qələbədə payı olan Asəf Nəsibov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirib. İcra başçısı 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Asəfin təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu bildirib. Bu gün hər birimizin Vətən naminə canlarını fəda edən oğullarımıza, sağlamlıqlarını itirən qazilərimizə minnətdar olduğumuzu qeyd edib. “Bu gün hər birimiz özümüzü şəhidlərimizə, şəhid ailələrinə borclu hiss etməliyik. Şəhidlərimizin ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur”- deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Səfəralı Nəsibov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. “Oğlum Asəf hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini söyləyib. Səfəralı Nəsibov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Asəfin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.