Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Turnir keçirilmişdir

24 iyul 2016 | 16:00

Qazax Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kikboksinq idman növü üzrə Azərbaycan və Gürcüstan Respublikalarının peşəkar idmançıları arasında ənənəvi beynəlxalq turnir keçirilmişdir. Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı, cənab Rəcəb Babaşov, Milli Məclisin deputatları, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev, Kamran Nəbizadə, Fuad Muradov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, hərbiçilər, veteranlar, əmək kollektivləri, idmançılar, QHT, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş və abidəsi önünə tər-çiçək dəstələri qoymuşlar. Azərbaycan idmançıları arasında döyüşlərin keçirilməsi ilə başlamış reytinq döyüşlərinin qalibi Gəncə-Samux idman məktəbini təmsil edən Elxan Əliyev və Qarabağ təmsilçisi Alışan Aslanlı olmuşlar. 
Tədbirdə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxış etmiş, qonaqları salamladıqdan sonra bildirmişdir ki, bu gün Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Kikboksinq idman növü üzrə Azərbaycan və Gürcüstan Respublikalarının peşəkar idmançıları arasında ənənəvi Beynəlxalq Turnirin açılışına start verilir. Bu turnir artıq ənənəvi hal almışdır və hər il keçirilir.
Azərbaycan artıq idman dövlətidir. Bunu bütün dünya, idman ictimaiyyəti qəbul edir və bilir. Bir neçə gün bundan əvvəl, Azərbaycan nümayəndə heyəti avqustun 5-də Rio-de Janeyroda  keçiriləcək XXXI Yay Olimpiya oyunlarına yola düşmüşlər. Bu münasibətlə iyulun 18-də Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənabları həmin mərasimdə iştirak etmiş və geniş nitq söyləmişdir.  Komandamız bu yarışlarda böyük heyətlə - 56 idmançı ilə iştirak edəcəkdir. Bu, London Yay Olimpiya oyunlarında iştirak etmiş idmançılarımızdan xeyli çoxdur. Azərbaycanda Möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənabları tərəfindən idmanla bağlı ardıcıl siyasət aparılır. Məhz bu siyasət nəticəsində  biz bu gün uğurlarımız barədə danışa bilirik. Bunun əsas səbəbi idmançılarımıza göstərilən dövlət qayğısıdır, idmançılarımızın bütün sosial problemlərinin öz həllini tapmasıdır. Artıq 20 ilə yaxındır ki, hər il idmançılara, idman mütəxəssislərinə və veteranlara dövlətimiz tərəfindən mənzillər verilir.
Azərbaycanda idman strukturu yaradılır. Son illər ərzində bölgələrdə 40-dan çox Olimpiya İdman Mərkəzi tikilmişdir. Bakıda isə idman strukturu ən yüksək səviyyədədir. Burada yeni idman obyektləri istifadəyə verilmişdir-Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Beynəlxalq Atıcılıq Mərkəzi, Su İdman Sarayı. Bu binalar eyni zamanda Bakını daha da gözəlləşdirir.
Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları müxtəlif yarışlarda, Olimpiya oyunlarında, dünya çempionatlarında, Avropa çempionatlarında, yeniyetmələrin Olimpiya oyunlarında həmişə yüksək pillələrdə olmuşdur.
Ölkəmizdə idmanın inkişafı və kütləviliyi ilə bağlı da çox düşünülmüş, ardıcıl siyasət aparılır və bu siyasət özünün müsbət nəticələrini dəfələrlə göstərmişdir.
Bakıda artıq bir necə mötəbər beynəlxalq yarışlar keçirilmişdir. Onların arasında əlbəttə ki, Avropa Oyunları xüsusi yer tutur. Bu oyunlarda 6 min idmançı iştirak etmişdir və minlərlə qonaq Azərbaycanla tanış olmuşdur. Avropa Oyunları bizim tarixi nailiyyətimizdir, qələbəmizdir. Bu, Azərbaycan idmanının və Azərbaycan dövlətinin zəfəridir. Burada idmançılarımız tarixi qələbə qazanmışlar, komanda hesabında II yeri tutmuşlar. Qazanılan 56 medaldan 21-i qızıl olmuşdur və bu da çox böyük tarixi nailiyyətdir.
Bu il Azərbaycanda ilk dəfə olaraq “FORMULA-1” yarışı keçirilmişdir. Bu yarış beynəlxalq reytinqə görə Yay Olimpiya Oyunlarının və futbol üzrə dünya çempionatının  səviyyəsində olan yarışdır. Bunun tamaşaçı auditoriyası 500 milyon insan olmuşdur. Bu isə o deməkdir ki, 500 milyon insan Bakının gözəlliyini seyr etmişdir. Bu il Bakıda Dünya Şahmat Olimpiadası keçiriləcəkdir. Gələn il İslam Həmrəylik Oyunları təşkil olunacaqdır. Bütün bunlar ölkəmizin potensialını göstərir.
Bu gün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan Multikultural və Tolerant ölkədir. Keçirilən idman yarışı da bu dəyərlərin göstəricisidir.
Axırda cənab Rəcəb Babaşov Qazaxda keçirilən Kikboksinq idman növü üzrə ənənəvi Beynəlxalq Turnirə görə hamını bir daha təbrik etmiş və bütün idmançılarımıza uğurlar arzulamışdır.
Milli məclisin deputatları, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev, Kamran Nəbizadə, Fuad Muradov çıxış zamanı ölkəmizdə idmanın inkişafı ilə bağlı görülmüş işlərdən danışmışlar. İdman yarışlarının və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat vermişlər. Bildirmişlər ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu cür yarışların keçirilməsi bütün xalqımız və idmansevər ictimaiyyət tərəfindən yüksək qiymətləndirir. Gürcüstan Kikboksinq Federasiyasının Prezidenti Laşa Çuradze çıxışı zamanı bildirmişdir ki, belə tədbirlərin keçirilməsi idmanın inkişafından əlavə həmdə Azərbaycan və Gürcü xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Sonra Azərbaycanın və Gürcüstanın dövlət Himnləri səsləndirilmiş və qısa konsert proqramından sonra yarışlara start verilmişdir.
Azərbaycan tərəfdən AKF yığma komandasının üzvləri Zöhrab Əzimov (60 kq),Ruslan Əliyev ( 63,5 kq), Arzuman Qədimov (67 kq), Ramal Aslanov (71 kq), Emil Mövsümzadə (75 kq), Ehtiram Rzayev (81 kq) və Bəhrəm Rəcəbzadə (94 kq) öz çəki dərəcələrində beynəlxalq turnirin qalibləri olmuşlar.
Sonda hər iki komandanın qalibləri  Qazax rayonu İcra Hakimiyyətinin gül bukletləri, pul mükafatları ilə və   Azərbaycan Kikboksinq Federasiyasının kuboku və fəxri fərmanları ilə təltif olunmuşlar.
İdman yarışı Azərbaycfan Televiziyasının “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanmışdır.
Qazaxda Beynəlxalq Turnir başa çatdıqdan sonra Milli Məclisin deputatları və qonaqlar Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovla birlikdə rayonun Ermənistanla ən yaxın məsafədə yerləşən Məzəm kəndində olmuşlar və kənd sakinləri ilə  görüşmüşlər. Görüş zamanı sakinlərlə səmimi söhbətlər aparılmış, onların fikirləri, rəy və təklifləri dinlənilmişdir. Sakinlər bu cür görüşlərdən çox razı qaldıqlarını, rayon İcra Hakimiyyəti tərəfindən onların qaldırdıqları problemlər və təhlükəsizlikləri üçün bütün tədbirlərin görüldüyünü, İcra başçısının tez-tez kənddə olmasını və onlarla görüşdüyünü, onların qaldırdıqları məsələlərin yerindəcə həll olunduğunu, onların təhlükəsizliyi üçün Məzəm və Quşçu Ayrım kəndlərində 600 metrdən çox istinad divarlarının çəkildiyini və hazırda evlərində təhlükəsiz yaşadıqlarını bildirmişlər.
Qonaqlar səmimi söhbətlər üçün kənd sakinlərinə minnətdarlıqlarını və yaxın vaxtlarda torpaqlarımızın erməni işğalından azad olunacağını bildirmişlər. Kənddən xoş əhval-ruhiyyə və səmimiyyətlə ayrılmışlar.

Keçidlər