Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda vətəndaşların vaksinasiya prosesi uğurla həyata keçirilir

01 mart 2021 | 16:00

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.
Əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün  Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1 qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Məlumat üçün bildirək ki, hazırda rayonda yaşı  50-65 və 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesi aparılır. Bu günədək Qazax rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 9575 doza vaksin vurulub. Strategiyaya əsasən, yaş kateqoriyaları üzrə indiyədək 65 yaşdan yuxarı 3323 vətəndaş, həmçinin 50-65 yaş arasında 5596 nəfər koronavirusa qarşı peyvənd olunub və proses davam edir. Qazax Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı, səyyar həkim briqadaları tərəfindən vətəndaşların evlərdə vaksinasiya prosesi də həyata keçirilir.
Qeyd edək ki, vaksinasiya prosesi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Keçidlər