İcra başçısı əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında son tamamlanma işləri ilə maraqlanıb
Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əsas götürülür. Son illər rayonda dövlət başçısının qayğısı sayəsində körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şərait, bu sahədə görülmüş işlər, xüsusən də yeni məktəb binalarının tikilməsi, körpələr evi-uşaq bağçalarının inşa olunması, əsaslı şəkildə yenidən qurulması bu dediklərimizin bariz nümunəsidir.
Dövlət başçısının gələcəyimiz olan uşaqlara göstərdiyi qayğını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin uşaqlara olan qayğısının nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyədədir.
Əsaslı şəkildə yenidən qurulan növbəti bağçalardan biri də 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır. Rayon rəhbərliyi tərəfindən yenidən qurulan bağçada demək olar ki, əsas işlər başa çatıb, son tamamlanma işləri aparılır. Hazırda bağçanın həyətində tamet döşənir. Eyni zamanda, otaqlara avadanlıqlar yığılır. Təmizlik və səliqə-sahman işləri görülür.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub. Görülmüş işləri yüksək qiymətləndirən icra başçısı bağçanın həyətində aparılacaq digər işlərlə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Bağça müdiri Şəfaqət Musayeva uzun müddət təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib. Rəhbərlik etdiyi kollektiv və valideynlər adından uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.