Qələbədən 67 il ötür
Böyük Vətən Müharibəsində Qələbənin 67-ci ildönümü münasibətilə İcra Hakimiyyəti Aparatında görüş keçirilmişdir. Görüşdə Böyük Vətən Müharibəsi veteranları iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbirdə çıxış edərək müharibənin odlu-alovlu döyüşlərindən keçmiş veteranları Qələbə günü münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, bəşəriyyətə böyük fəlakətlər gətirmiş II Dünya Müharibəsi 60 milyondan çox insanın məhvinə səbəb olmuşdur. Müharibədə iştirak edən 700 minə yaxın həmyerlimizin yarısı döyüşlərdə həlak olmuşdur. Qazax rayonundan Böyük Vətən Müharibəsində 12510 nəfər iştirak etmişdir. Onların 3232 nəfəri həlak olmuş və itkin düşmüşdür. Hazırda Qazax rayonunda 48 nəfər BVM veteranı yaşayır. Bildirmişdir ki, Böyük Vətən Müharibəsi Veteranlarına ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Qələbənin 67-ci ildönümü münasibətilə Möhtərəm cənab Prezident tərəfindən 30 aprel 2012-ci il tarixdə imzalanmış xüsusi Sərəncama əsasən BVM iştirakçılarına 500 manat, sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına isə 200 manat məbləğində birdəfəlik yardım edilmişdir.
Qeyd etmişdir ki, bizim xalqımız qələbə bayramını bu gün böyük iftixar hissi və fəxrlə qeyd edir. Ona görə ki, Azərbaycan xalqının bu qələbənin qazanılmasına böyük və həlledici köməyi olmuşdur. BVM veteranları bu gün də Azərbaycanın ictimai-siyasi həyatında fəallıq göstərir, gənc nəslin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edirlər. Biz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində və rəhbərliyi altında ya sülh, ya da müharibə yolu ilə erməni faşistləri üzərində də qələbə çalacaq və torpaqlarımızı azad edəcəyik. O gün uzaqda deyil.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov Moskva meri S.Sobyanin tərəfindən təltif olunmuş “Moskva uğrunda döyüşün 70 illiyi” medalını veteran Nəbi Nəbiyevə təqdim etmişdir.
Veteranlardan Səməd Kosayev, Novruz Pənahov, Nəbi Nəbiyev və başqaları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda veteranlara qiymətli hədiyyələr verilmişdir.