Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

27 iyul 2016 | 16:00

Qazaxda Azərbaycanın Xalq Yazıçısı İsmayıl Şıxlının vəfatının 21-ci ildönümü münasibətlə anım mərasimi keçirilmişdir.
Yazıçının şəhər parkında xatirəsinə ucaldılmış abidəsi önündə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Aparatın məsul işçiləri, yazıçı və şairlər, jurnalistlər, müəllimlər, yazıçının yaxın qohumları,  ictimaiyyət və  KİV  nümayəndələri  iştirak etmişlər.
Tədbirə toplaşanlar əvvəlcə, yazıçının abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq fikir söyləmişdir: “İsmayıl Şıxlı adı çəkiləndə milli-mənəvi dəyərlərə  sadiqliyi ilə Azərbaycan ziyalısına nümunə olan böyük bir şəxsiyyət xatırlanır”. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərlərinin dəyəri və ibrət dərsləri çox güclüdür. Görkəmli nasir azad, müstəqil və mədəni həyat yolu keçib. Yazıçının milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü olub. O, həyati mövzular yazaraq, zamanın nəbzini tutub və günün mühüm məsələlərinə toxunub. Mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərlərində azərbaycançılıq ideyası öz əksini tapmış və hər dövr üçün öz aktuallığını qoruyub saxlamışdır. Məlumdur ki, xalqın milli-fəlsəfi fikri öz əksini bədii ədəbiyyatda tapır. Milli xüsusiyyətlərin, milli keyfiyyətlərin, milli ruhun, adət-ənənələrin yaşanmasında bədii ədəbiyyatın böyük rolu var. Bu baxımdan da İsmayıl Şıxlının əsərlərində milli ideyanın təlqin və təbliği mühüm əhəmiyyət kəsb edir. Yazıçı hələ sosializm cəmiyyətinin, avtoritar rejimin ən şiddətli çağlarında sovet ideologiyasının prinsiplərinə zidd olan əsərləri ilə seçilib. O, öz əsərlərində bu quruluşun formalaşdırdığı insanların faciəsini çox böyük məharətlə əks etdirib. Buna görə də İ.Şıxlını dissident  yazıçı  adlandırmaq olar.
Şairlərdən AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi Barat Vüsal, Vəli Xramçaylı, Mustafa Rasimoğlu, Məmməd Qoca, Tamella Poladlı, Rahib Vəliyev və başqaları çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açmış, yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışmışlar.

Keçidlər