Qazaxda 12 min 795 vətəndaş doza vaksin vurulub
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla davam etdirilir.
Əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Məlumat üçün qeyd edək ki, hazırda rayonda yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesi uğurla davam etdirilir. Bu günədək Qazax rayonu üzrə tibb işçilərinə, həmçinin yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşlara ümumilikdə 13857 doza vaksin vurulub. Bundan 12795 vətəndaşa koronavirus infeksiyasına qarşı birinci, 1087 nəfərə isə ikinci doza peyvəndləmə aparılıb.
Vaksinasiya prosesi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.