Qazaxda icra başçısı Novruz bayramı ərəfəsində Vətən müharibəsi şəhidlərini yad etdi
Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci il illər ötsə belə tarixi Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ili qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə xatırlayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə bir ömür boyu minnətdar olacağıq. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək bizlərin üzərinə düşən ən ümdə işdir.
30 illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsində respublikamızın bütün bölgələrindən olduğu kimi, Qazaxın igid, mərd oğulları da döyüşdə əsl qəhrəmanlıq göstərərək uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldilər.
Bu gün Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur.
Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə yüksək diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin qayğını bu gün də davam etdirir. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını iş fəaliyyətinin əsas hissəsi hesab edir. Əlamətdar günlərdə şəhidlərimizi və ailələrini yad edən rayon rəhbəri ənənəsinə sadiq qalaraq Novruz bayramı ərəfəsində 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan oğullarımızı da yad edib, onların əziz xatirələrini ehtiramla anıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Vətən müharibəsində iştirak edən Qazax rayonunun Qaymaqlı, Aslanbəyli, Yuxarı Salahlı, Orta Salahlı, Daş Salahlı, Dəmirçilər və Xanlıqlar kəndlərindən olan şəhidlərimizin məzarlarını ziyarət edib. Şəhidlərimizin ailə üzvləri ilə birlikdə qəhrəman oğullarımızın məzarlarına tər qərənfillər düzərək Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.
"Bu gün özümə borc bildim ki, bayram ərəfəsində şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib. Rayon rəhbəri şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhid ailələri hər zaman onlara göstərilən diqqətə və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Övladlarının doğum günlərində, əlamətdar günlərdə yad olunmasını razılıq hissi ilə qarşılayıblar. Övladlarının adlarının yaşadılması istiqamətində görülmüş bütün işləri dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin şəhidlərimizə, onların ailələrinə göstərilən qayğının əyani sübutu kimi dəyərləndiriblər.
"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Qaymaqlı kənd sakini, şəhid əsgər Nəsibov Asəf Səfəralı oğlunun məzarı
Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun məzarı
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun məzarı
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid əsgər Abdullayev Taleh Temraz oğlunun məzarı
"Vətən uğrunda”, "Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid leytenant Bayramlı Elmar İsa oğlunun məzarı
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid mayor Əhmədov Namiq Hajan oğlunun məzarı
Yuxarı Salahlı kənd sakini, şəhid gizir Abdullayev Hafiz Məhəd oğlunun məzarı
"Vətən uğrunda” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Orta Salahlı kənd sakini, şəhid əsgər Vəliyev Anar Həmzə oğlunun məzarı
"Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun məzarı
"Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Dəmirçilər kənd sakini, şəhid gizir Məmmədov Turan Nadir oğlunun, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Dəmirçilər kənd sakini, şəhid kiçik gizir Namazov Elcan Hidayət oğlunun məzarları
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun məzarı