Qazaxda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər
Qazaxda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları Qarabağın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində şəhid olan rayon sakinlərinin ailələrini mütəmadi olaraq ziyarət edir, qayğıları ilə maraqlanırlar.
Novruz bayramı ərəfəsində də Vətənimizin bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarının ailələrinə baş çəkiblər.
Qazax RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanovun, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovun da iştirak etdiyi görüşlərdə şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı qeyd olunub. Belə vətənpərvər igid övladlar böyütdükləri üçün şəhidlərimizin valideynlərinə minnətdar olduqlarını bildirən hüquq-mühafizə orqanlarının əməkdaşları gətirdikləri bayram sovqatını onlara təqdim ediblər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Dövlətin qayğısını hər zaman hiss etdiklərini, bu cür ziyarətlərin də məhz bu amala xidmət etdiyini vurğulayıblar.