Şriftin ölçüsü :

Saytın rəngi :

Ölümündən sonra bir orden, üç medalla təltif olunan Vətən müharibəsinin qazaxlı şəhidi gizir Anar Nağıyev

28 mart 2021 | 16:00

Yola saldığımız 2020-ci il Azərbaycanın cəmi 44 gün davam edən Vətən müharibəsində - İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə ilə yaddaşlara əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, müdrik siyasəti, ordumuzun əsgər və zabitlərinin, hərbçilərimizin gücü sayəsində Azərbaycan hərb tarixinə qızıl hərflərlə yeni bir salnamə yazdı. 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən həmin salnamənin müəllifi isə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri oldu.
Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca zirvəyə - Şəhidlik məqamına yüksələn igid Vətən oğullarından biri də gizir Nağıyev Anar Sahib oğludur.
Şəhid Anar Nağıyev 30 oktyabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Alıuşağı kənd tam orta məktəbin I sinfinə daxil olmuşdur. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçdüyünə görə təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbdə davam etdirmiş və 2007-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2008-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olmuşdur. 2009-cu ilin dekabr ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında “N” saylı hərbi hissədə gizir rütbəsində xidmət etmişdir. “N” saylı hərbi hissənin hərbi qulluqçusu gizir Anar Nağıyev Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizirimiz 17.11.2020-ci il tarixdə Ürkməzli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, İki azyaşlı – Röyal adlı oğul, Jasmin adlı qız övladı yadigar qalıb.
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizlə yanaşı, gizir Anar Nağıyevin də göstərdiyi qəhrəmanlıq, igidlik ölümündən sonra ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. İlk dəfə cənab Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif edilən Anar daha sonra 3 medala da layiq görülmüşdür. Anar Nağıyev ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsaəsn “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə hər birimiz fəxr edirik. İgidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu Anar Nağıyev kimi igid Vətən oğullarının timsalında görürük. Nə qədər ki, Azərbaycan xalqı var, Anar kimi Şəhidlik zirvəsinə ucalan oğullarımız bizim qəlbimizdə əbədi yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.

Keçidlər