Qazaxda koronavirusa qarşı vaksinasiya davam edir
Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanın COVID-19-la mübarizədə atdığı addımları dəyərləndirərkən, nə qədər böyük işlər görüldüyünün şahidi oluruq. Azərbaycan dünyanın az saylı dövlətlərindəndir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olduqdan sonra ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında pandemiya ilə mübarizədə ilk günlərdən ciddi və əməli tədbirlər görülməyə başladı. Qısa müddətdə böyük çarpayı potensialı olan xəstəxanaların hazır vəziyyətə gətirilməsi, yeni modul tipli xəstəxanaların inşa edilməsi, yüksək səviyyədə test keçirilə bilən müasir laboratoriyaların fəaliyyət göstərməsi bu sahədə görülmüş işlərin bariz nümunəsidir.
Sevindirici haldır ki, Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən ölkə də məhz Azərbaycan oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin uğurla davam etdirilməsi söylədiklərimizin əyani sübutudur. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.
Strategiyaya uyğun olaraq koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qazaxda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Hazırda rayonda yaşı 40-dan, 50-65 və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır. Prosesə başlandığı gündən indiyədək rayon üzrə 14398 vətəndaşa birinci doza, 10539 vətəndaşa isə iki doza vaksin vurulub.
Məlumat üçün bildirək ki, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.