Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri və millət vəkili Ülviyyə Ağayevanın köməkçisi Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər

02 aprel 2021 | 16:00

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycan böyük tarixi Zəfərə, Qələbəyə nail oldu. Qarabağ adlı haqq savaşında haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
Bu gün hər kəs fəxrlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcludur. İllər ötsə də bizlərə 44 günlük Vətən müharibəsində hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran igid Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə daim diqqət ayırmaq, qayğıları ilə maraqlanmaq hər birimizin borcu olmalıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, RİH başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva Xanlıqlar kəndində olub, Vətən müharibəsinin şəhidi əsgər Qurbanov Elçin Məcid oğlunun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın səmimi ürək sözlərini çatdırıblar. Şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildiriblər. Bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu, məhz bu amala xidmət etdiyini qeyd ediblər. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər.
Şəhid atası Məcid Qurbanov onlara göstərilən diqqətə, qayğıya, səmimi münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və Milli Məclisin deputatı Ülviyyə Ağayevaya təşəkkürünü çatdırıb. Dövlətin qayğısını hər zaman hiss etdiklərini vurğulayıb. Bugünkü ziyarəti də dövlətin və ölkə rəhbərinin növbəti qayğısı kimi qiymətləndirib.

Şəhid əsgər Qurbanov Elçin Məcid oğlu

Şəhid Elçin Qurbanov 22 yanvar 2002-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2008-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Elçin Qurbanov 04.11.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 6 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elçin Qurbanov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bizlər də Elçin Qurbanovun timsalında bütün şəhidlərimizi dərin ehtiramla yad edir, ruhları qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.

 

Keçidlər