Şriftin ölçüsü :

Saytın rəngi :

"Rəşadət" ordenli kapitan

05 aprel 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

Kitabda şəhidimiz kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu haqqında yer almış ““Rəşadət” ordenli kapitan” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

"Rəşadət" ordenli kapitan

Bu ali mükafata Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə təltif olunmuşdu kapitan İmamverdi İsmayılov. Ölkə başçısı tərəfindən verilən bu orden onun şücaətinin, peşəkarlığının, qorxmazlığının, ən nəhayət, qəlbində olan Vətən sevgisinin ən böyük mükafatı idi. Bu ali mükafat od-alovun içindən düşən dümağ şəfəq, səngərdə keçən gecələrin üzünə doğan al günəşdir. "Rəşadət" ordeni ata haqqı kimi, ana südü qədər halaldır yenilməz kapitana.
İsmayılov İmamverdi Yoloğlu oğlu 1 may 1989-cu ildə dünyaya gələn gündən güllə səsləri eşitmiş, müharibə ab-havasında böyümüşdü. Doğulduğu Qazax rayonunun Aşağı Əskipara kəndi düşmən istilasının qurbanı olmuş, yaşadıqları evə ermənilər tərəfindən atılmış top mərmisi düşmüşdü. Ona görə də İmamverdi uşaqlıqdan düşmənə nifrət hissləri ilə böyüyürdü.
Kəndləri işğal olunduğu üçün 1992-ci ildə Qazax şəhərinə köçmüş, köçkünlük həyatı yaşamağa başlamışdır. Atası Yoloğlu kişi danışır:
- Qazaxda hərbi şəhərcikdə məskunlaşdığımız üçün İmamverdi hər gün hərbçiləri görür, onlarla təmasda olur, bu da onun gələcək arzularının formalaşmasına öz təsirini göstərirdi. Ona görə də uşaq yaşlarından hərbçi olmağı, düşmənlərdən qisas almağı qarşısına məqsəd qoymuşdu. Onun bu arzuya düşməsində əmisi, polkovnik-leytenant Kamal İsmayılovun da az təsiri olmadı.
1995-ci ildə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olan ilk gündən İmamverdi İsmayılov dərslərini yaxşı oxuyur, biliyi və nizam-intizamı ilə fərqlənirdi. Dərslərindən yüksək qiymətlər almasına baxmayaraq, 2003-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini dayandırıb arzularının dalınca getdi. Həmin il Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olaraq düz 3 il oxudu. 2006-cı ildə həmin liseyi bitirdikdən sonra təhsilini davam etdirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2010-cu ildə isə Ali Hərbi Məktəbi qurtarıb, 1 il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil aldı.
2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intazama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, eləcə də Sumqayıt, Bakı və Mingəçevirdəki "N" saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu.
Həyat yoldaşı Vəsilə xanım deyir:
-İmamverdi torpaqlarımızın işğal altında olmasına dözə bilmirdi, həmişə intiqam almaq hissi ilə yaşayırdı. 2020-ci ilin iyulunda Tovuz istiqamətində ermənilərin növbəti təxribatları nəticəsində general-mayor Polad Həşimov və bir neçə zabitimizin şəhid olması xəbəri İmamverdini düşmənə qarşı daha da hiddətləndirmişdi.
Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi  İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov.
Baş leytenant Bəxtiyar Xəlilov danışır ki, Suqovuşanın azad olunması əməliyyatında biz dedik ki, “Komandir siz irəlidə getməyin”. Bu vaxt İmamverdi İsmayılov bizim fikrimizə etiraz edərək "Mən də sizin kimi bir əsgərəm" - dedi və döyüşə girdi. Bu, onun vətənpərvərliyindən, torpağı canı qədər sevməsindən, şücaətindən irəli gəlirdi.
2020-ci il sentyabrın 29-u idi. Talışkəndin və orada olan yüksəkliyin alınması əmri verilmişdi. Tapşırıq nəyin bahasına olursa-olsun, yerinə yetirilməli idi. Ona görə də səhər tezdən iki yan istiqamətdə irəliləyərək düşmənin arxasına keçmişdilər. Taborun piyada döyüş maşınlarından (PDM) biri vurulmuşdu. İmamverdi İsmayılov ratsiya ilə əlaqə saxlayıb onlara texnika göndərilməsini istədi. Bir az keçmiş PDM-in səsi gəldi. Onlara kömək gəldiyini düşündükləri zaman düşmənlə qarşılaşdılar. Güclü atışma başladı. Bu zaman döyüşçülərdən biri "Komandiri vurdular" - deyə qışqırdı. "Komandirə heçnə olmasın" - deyən əsgərlər bu dəfə onu qoruya bilmədilər. Həmin gün 31 yaşlı gənc kapitan İmamverdi İsmayılov döyüş meydanında şəhid oldu, canını bütün varlığı ilə sevdiyi Vətənə qurban verdi. Komandiri olduğu şəxsi heyət həmin döyüşdə düşmənin texnikasını və canlı qüvvəsini məhv edərək komandirlərinin və döyüş yoldaşlarının elə yerindəcə qisasını aldılar.

Şəhid kapitanın göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Kapitan İmamverdi İsmayılov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunmuşdur. O, ölkə başçısının eyni tarixli digər Sərəncamı ilə  "Vətən uğrunda" medalı ilə də təltif edilmişdir.

 

 

 

 

Keçidlər