Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 500-700 bal toplamış məzunlarla görüş keçirilmişdir

10 avqust 2016 | 16:00

Qazaxda 500-700 bal toplamış məzunlarla görüş keçirilmişdir. Tədbirdən əvvəl, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünüə gül-çiçək dəstələri qoyulmuşdur. 
Gənclər Mərkəzində keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq bildirmişdir ki, hələ vaxtilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafının təhsillə bağlı olduğunu dəfələrlə vurğulamış və Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhslinin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. İstər Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-80-ci illərdə, istərsə də müstəqil Azəbaycan Respublikasına rəhbərlik etdiyi illərdə təhsil prioritet sahə olaraq diqqət mərkəzində olmuşdur.
Heydər Əliyev siyasətinin layiqli davamçısı, möhətərm Prezidentimiz İlham Əliyev cənabları da ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında  təhsilin inkişafına böyük önəm vermişdir. 
Respublikanın hər yerində olduğu kimi, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonumuzda da təhsil müəsisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ötən dövr ərzində diqqət mərkəzində olmuş, rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyəti yeni və daha müasir binalarla təmin olunmuşdur. 
Respublikanın birinci xanımı, millət vəkili Mehriban  xanım Əliyevanın təşəbbüsü ilə rayonumuzda iki məktəbəqədər təhsil müəssisəsi və 4 məktəb binası tikilib istifadəyə verilmişdir. 
Hazırda Yuxarı Salahlı kənd tam orta məktəbində bərpa gücləndirmə işləri yekunlaşmaq üzrədir.
Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda  məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2015-2016-cı tədris ilində 849 nəfər attestat almışdır ki onlardan 456 nəfər ali məktəblərə sənəd vermiş və sevindirici haldır ki 319  məzun birinci turda yüksək nəticə əldə etmişlər. Bu isə sənəd verənlərin 70 faizinin yüksək nəticə əldə etməsi deməkdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarında  Respublikada 4 ixtisas qrupu üzrə 10 nəfər 700 bal toplamış abituriyent omuşdur ki, bunlardan da biri Canallı kənd tam orta məktəbinin məzunu İsmayılova Səbinə Emil qızı  IV qrup üzrə ən yüksək - 700 bal nəticə göstərərək rayonumuzun adını yüksəkliklərə qaldırmışdır. Gəlin əvvəlcə, bu münasibətlə Səbinə balamızı təbrik edək, valideynlərinə göz aydınlığı verək. Onun bu səviyyədə yetişməsində əməyi olan müəllimlərə təşəkkür edək.
Onu da qeyd etmək istəyirəm ki, rayonumuzun iki məzunu təhsil dövründə ən yüksək nəticələrə nail olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşlər ki, onların da hər ikisi Mirzəyev İlham Rövşən oğlu 690 bal və Məmmədova Leyla Şirzad qızı 682 bal toplayaraq onlara göstərilən etimadı doğrultmuşlar.
Daha sonra qeyd olunmuşdur ki, bu günki tədbirimizdə rayonumuz üzrə 58 nəfər 500-700 bal toplayaraq yüksək nəticə qazanmış məzunlarımız toplaşmışlar. Əziz balalar, Biz sizinlə fəxr edirik. İnanıram ki, siz təhsil alacağınız ali məktəbdə rayonumuzun adını həmişə yüksəklərə qaldıracaqsınız.
Bu gün dövlətimizin siyasətinin əsas strateji xəttini təhsilin inkişafı təşkil edir. Bu işdə hər birimizin fəallığı hiss olunmalıdır. Dünyada baş verən qlobal böhranlar, iqtisadi problemlər azərbaycana bir o qədər də təsir göstərməmişdir. Bunun səbəbi ölkəmizdə qabiliyyətli kadr potensialının yetişməsi, təhsilin inkişafıdır. Dəfələrlə möhtərəm Prezidentimiz öz çıxışlarında “Biz neft kapitalını insan kapitalına çevirməliyik” söyləmişdir. Bu kapital sizsiniz, xalqımız öz gələcəyini sizin kimi savadlı, qabiliyyətli, bacarıqlı gənclərə etibar edir. Bu yolda sizin hamınıza daha böyül  uğurlar və möhkəm cansağlığı arzulayıram.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçsının müavini Gulaya Həsənova, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Canalı kənd tam orta məktəbin direktoru Ulduzə Yusifova, Qazax şəhər 2 saylı tam orta məktəbin qızıl medal almış və 690 bal toplamış məzunu İlham Mirzəyev, Məktəb liseyin qızıl medal almış və 682 bal toplamış məzunu Leyla Məmmədova, Canalı kənd tam orta məktəbin məzunu, 700 bal toplamış Səbinə İsmayılova və başqaları çıxış ertmişlər. Çıxışlar zamanı rayonda təhsil sahəsində əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbirin sonunda 500-700 bal toplamış məzunlara gül dəstələri verilmiş və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər