Bir oğul tanıyıram…
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu haqqında yer almış “Bir oğul tanıyıram…” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
Bir oğul tanıyıram...
Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında igidlik və şücaət göstərmiş baş leytenant Hüseynov Nəbi Hacıbala oğlu haqqında yazıya onun layiq olduğu misralarla başlamaq istəyirəm:
Bir oğul tanıyıram - mərd,
ucaboy, gen sinə,
Bir oğul tanıyıram -
oğul deyirəm sənə.
Bəli, mən bir oğul tanıyıram, elə bir oğul ki, ömrünün ilk bahar çağında şəhidlik zirvəsinə ucalaraq öz adını təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycan xalqının əbədi olaraq yaddaşına həkk edə bildi. Bir oğul tanıyıram, elə bir oğul ki, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin başladığı ilk gündən savaşa atılaraq Murovdağın, Cəbrayılın, Füzulinin müxtəlif kəndləri və şəhər istiqamətində gedən döyüşlərdə əsl igidlik nümayiş etdirdi, torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərdi.
Əzizim sözə qaldı,
Bir şirin sözə qaldı.
Yad qovuldu dağlardan,
El-oba bizə qaldı.
Nəbi Hüseynov 9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz açmışdır. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində oxumuş, 2006-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 2007-ci ildən ona ana qədər doğma olan kənddən yol alaraq arzularının arxasınca getmişdir. Gəmi qayasını qucaqlayıb axan Kür çayı sanki bir bayatı söyləmiş:
Burda yolum oldu tən,
Varmı bu yoldan ötən.
Bu dünyada şirin şey,
Bir anadır, bir Vətən.
Bəli, Nəbi anası qədər sevdiyi Vətəni qorumaq, onun düşmən tapdağı altında haray çəkən torpaqlarını azad etmək üçün hərbi yolu seçmişdi. Ürəyində kök atmış arzulara qovuşduran bu yol onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirmiş, 2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. Nəbi Hüseynov başladığı yolu davam etdirərək hərbi təhsilini daha da artırmaq üçün 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM-də) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini daha da artırmışdır. Təhsilini başa vurduqdan sonra 2020-ci ildə Vətən müharibəsi başlayana qədər müxtəlif hərbi hissələrdə nümunəvi xidmət etmiş, zabit kimi öhdəsinə düşən tapşırığı vaxtlı-vaxtında yerinə yetirmişdir.
Atası Hacıbala övladı barədə danışarkən xüsusi olaraq vurğuladı ki, Nəbidən söz almaq mümkün deyildi. Anası Gülarə xanım ağlaya-ağlaya deyir ki, "mənə - doğma anasına da bir söz demir, hara getdiyi, nə iş gördüyü, nə baş verdiyi barədə bir kəlmə də olsun belə danışmırdı". Bu da Nəbi Hüseynovun əsl peşəkar hərbçi olmasından irəli gəlirdi. Bibisi Bəsti xanım danışır ki, "sentyabrın 20-də axırıncı dəfə evə gəlib paltarlarını yığışdırmağa başladı. Hara getdiyini soruşanda: "5-6 günə gələcəyəm"- deyərək getdi. Bir daha onu görmədim".
Belə qapalı olmasının nəticəsidir ki, ailə üzvlərinin Nəbi Hüseynovun keçdiyi döyüş yolu barədə çox az məlumatları var. Bildiklərini isə Nəbinin dəfnində iştirak edən, onun yas mərasiminə gələn hərbçi yoldaşları danışıblar.
Müharibə. Bu qan-qada ilə Nəbi hələ 2016-cı ilin aprelində qarşılaşmışdı. Onun necə olduğunu yaxşı bilirdi, ağrı-acılarına bələd idi. O, Aprel döyüşlərində mərdliklə vuruşmuş, dəfələrlə ölümlə üz-üzə gəlmiş, öz bacarığı, mərdliyi sayəsində düşməni məhv edərək döyüşlərdən qalib çıxmışdı. Bu tarixi döyüşdən sonra Nəbi Hüseynov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ-də) baş kəşfiyyatçı kimi xidmət etməyə başlamış, qrup komandiri olmuşdur. Nəbi XTQ-də xidmət etməsindən qürur duyurdu.
Yoldaşları danışır ki, Murovdağ yüksəkliyinin alınması uğrunda başlanan hərbi əməliyyatda ilk atəş açan məhz Nəbi Hüseynov olmuşdur. Oradan Kəlbəcərə doğru 15 km irəliləyiblər. Nəbi Hüseynov sonra Füzulinin, Cəbrayılın azad olunması uğrunda gedən hərbi əməliyyatlarda fəal iştirak edib. Döyüş yoldaşlarının dediyinə görə, həmişə öndə olur, döyüşə tək girirdi. Ona görə ki, çox qorxmaz, mərd və mübariz idi.
Oktyabrın 8-dən 9-na keçən gecə Füzulidən Hadrut istiqamətinə doğru irəliləyirdilər. Nəbi Hüseynov yenə də qanlı döyüşə girmişdi. Bu zaman qəfil düşmən gülləsi onu yaralayıb. Lakin o, yaralı olmasına baxmayaraq, döyüş meydanından çıxmayıb, 4-5 saat vuruşub. Hətta yaralı-yaralı əmr də verirmiş. Axıra qədər düşmənə qarşı mərdliklə mübarizə aparan igid zabit elə səngərdəcə 9 oktyabr 2020-ci il tarixində şəhid olub. Döyüş yoldaşları igid zabitin qanını yerdə qoymayıb, düşməni darmadağın edərək əmri yerinə yetiriblər.
Baş leytenant Nəbi Hüseynov ölümündən sonra Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilmişdir. O, ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.