İcra başçısı Kür çayının daşması ilə əlaqədar Aşağı Salahlı kəndində olub və vətəndaşların problemləri ilə yerində maraqlanıb
Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Respublika Prezidenti cənab İlham Əliyevin hər zaman rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların qayğıları ilə yaşamaları, onların problemlərini öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr də bir daha onu göstərir ki, müstəqil Azərbaycan dövlətinin yürütdüyü uğurlu siyasətin əsasında məhz vətəndaş məmnunluğu dayanır.
Dövlət başçısının vətəndaşlara olan sonsuz diqqət və qayğısı, ölkə Prezidentinin söylədiyi “Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” kimi dəyərli fikirləri Qazaxda da öz real əksini tapmaqdadır. Rayonda vətəndaş amili hər zaman ön planda tutulur, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kür çayının daşması ilə əlaqədar bir qrup Aşağı Salahlı kənd sakininin müraciətinə əsasən həmin kənddə olub. İcra aparatının məsul işçiləri və Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovla birlikdə vətəndaşların problemləri ilə yerində maraqlanıb.
Vətəndaşların Kür çayının daşması səbəbindən çaya yaxın ərazidə yerləşən pay torpaq sahələrinin yuyulmasının qarşısının alınması ilə bağlı müraciətlərini diqqətlə dinləyən icra başçısı hər zaman olduğu kimi, bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını bildirib. Qaldırılan məsələnin həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini qeyd edən rayon rəhbəri bu istiqamətdə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib və nəzarətdə saxlanılacağını vurğulayıb.
Kənd sakinləri onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Müraciətlərinə operativ şəkildə baxılmasına görə razılıqlarını ifadə ediblər.