Şriftin ölçüsü :

Saytın rəngi :

Döyüşə könüllü getmişdi

11 aprel 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz leytenant Həməşəyev Qismət Oruc oğlu haqqında yazılmış "Döyüşə könüllü getmişdi" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...

Döyüşə könüllü getmişdi

Gənc idi, hələ nə ömür yaşamışdı ki?! Həyatda arzuları yenicə pöhrə vermiş, ürəyindəki istəklər təzə-təzə çiçək açmağa başlamışdı. Ömür budağında puçur-puçur olan arzuları bahar ömrünün istisindən bəhrələnib yeni-yeni göz oxşayır, günəşə doğru boy atırdı. Hələ dünyanın olacaqlarından, payızın vaxtsız əsən küləklərindən, yazın oğlan çağında açılan çiçəklərin birdən-birə solacağından xəbərsiz idi. Hardan biləydi ki, torpaqdan güc aldığı kökün şah damarı hələ pöhrə ikən qırılacaq, nəhəng ağacın budaqları Allahın ümidinə böyüyəcəkdi. Hardan biləydi ki...
Atası müvəqqəti olaraq Rusiyanın Rostov şəhərində yaşadığı üçün Qismət 3 noyabr 1988-ci ildə orada doğulmuşdu. Çox keçmir ki, ailə Vətənə dönür, öz doğma yurd-yuvalarında - Qazax rayonunun Xanlıqlar kəndində yaşamağa başlayırlar. Bundan sonra Qismətin həyatı həmişəlik olaraq Qazaxa bağlanır.
Həməşəyev Qismət Oruc oğlu evin böyük oğlu, həm də ilk övladı olduğu üçün 1995-ci ilin sentyabrın 10-da Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə gedəndə ailədə sanki toy-bayram idi.
Qismətin orta məktəb illərindən danışarkən məktəbdə dil-ədəbiyyat fənnindən ona dərs demiş müəllimi Roza Süleymanovanın Qismətin haqqında yazdığı sözləri xatırlamamaq mümkün deyil. Müəllimi yazır: "Bir gün sinifdə Qismətin əlində böyük bir lövhə gördüm. O, lövhəyə Milli Qəhrəmanların şəkillərini vurmuşdu. Məni görəndə dedi ki, müəllim, istəyirəm bu lövhəni ən uca bir yerdən asım, elə bir yerdən asım ki, hər tərəfdən görünsün. Bir dəfə isə "Qaraca qız" hekayəsinin oxusu üzrə iş aparırdım. Hekayənin ən təsirli yerində şagirdlərin buna necə reaksiya verdiklərini öyrənmək üçün sinfə göz gəzdirdim. Ön cərgədə oturmuş Qismət göz yaşlarını saxlaya bilmir, bunu hamıdan gizlətməyə çalışırdı. Qismət haqsızlıqla barışmayan, yalanı sevməyən bir insan idi".
2006-cı ildə orta təhsilini yüksək səviyyədə başa vuran Qismət ali təhsil almağı qarşısına məqsəd qoydu. Elə bu arzu ilə Gəncə Dövlət Universitetinə qəbul olaraq 2011-ci ildə oranı bitirdi. Gənc yaşlarından vətənpərvər olan Qismət Həməşəyev Bakıda Silahlı Qüvvələrin Təlim və Tədris Məktəbində (TTM) oxuyaraq leytenant rütbəsi aldı.  
2011-ci ildə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılan gənc leytenant öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirərək 2013-cü ildə evlərinə döndü.
Sonra... sonra 13 yaşından atasız böyüyən Qismət ailənin əsas ağırlığını öz üzərinə götürdü, gəncliyindən ömür yükünü çəkməyə başladı, anasına kömək oldu. İşləmək üçün bir neçə yerə müraciət etdikdən sonra 2019-cu ildə “AccessBank”ın Qazax filialında əməliyyatçı-kassir vəzifəsinə işə düzəldi. Qismətin qisməti üzünə gülsə də, bu sevinc çox sürmədi...
Yenicə Allaha şükür eləmişdi, həyatı təzəcə öz axarına düşmüşdü Tamara xanımın. Övladlarını yetimliklə böyütmüş ana hər səhər işə gedən oğluna baxıb fəxr edir, sevinirdi. Elə bu sevinclə, min bir arzu ilə oğluna toy da elədi, gəlin gətirdi. Ömrünün rahat günlərini yaşamağa başladı. Amma atalar deyib: "Sən saydığını say, gör bir fələk nə sayır".
2020-ci ilin iyul ayında ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra Qismətin düşüncələri dəyişməyə başladı. Ürəyindən gənc zabit kimi döyüşmək, düşməndən intiqam, qisas almaq istəyi keçirdi. Bir gün hərbi komissarlığa gedərək adını qeydiyyata aldırdı. Çox keçmədi ki, ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olundu. Bir müddət hərbi təlimlərdə olduqdan, hərbi biliyini və təcrübəsini daha da artırdıqdan sonra döyüş bölgəsinə yola düşdü.
Oktyabrın 10-dan gənc leytenant Qismət Həməşəyev Qarabağın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməyə başlayıb, "N" saylı hərbi hissəsinin 1-ci motoatıcı taborunun motoatıcı tağımının komandiri kimi mərdlik, qəhrəmanlıq göstərib. Kəlbəcər istiqamətində ilk hərbi əməliyyatlara qatıldıqdan sonra onun döyüş yolu Füzulidən keçib. Qismət Həməşəyev çox vətənpərvər idi. Daşkəsəndən gələn zaman xəstə olmasına baxmayaraq, həkimə müraciət etməyib, döyüşə gedib. Oktyabrın 26-da Füzulinin Qaraxanbəyli kəndində sonuncu dəfə döyüşüb. Bir neçə yaralı əsgəri döyüş meydanından çıxaran zaman qəhrəmancasına şəhid olub. Gənc leytenant ömrünü canı qədər sevdiyi Vətənə bağışlayıb.   
Qismət Həməşəyevin igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər