Qazaxda xüsusi karantin rejiminin qaydalarını pozan bir neçə məmur cəzalandırılıb
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir.
Ölkə ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri rayonda birmənalı şəkildə icra olunur. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Tərkibində bir nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir. Mobil qrup üzvləri koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri aparır, mütəmadi reydlər keçirirlər.
Rayonda xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar haqqında da ciddi tədbirlər görülür. Kafe və restoranlarda, eləcə də vətəndaşların yaşadıqları evlərin həyətində kütləvi şəkildə toplaşaraq gizlin şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, həmçinin yas mərasimlərinin təşkil olunmasının qarşısının alınması istiqamətində də təxirəsalınmaz işlər həyata keçirilir.
10-11 aprel 2021-ci il tarixlərində keçirilən növbəti reydlər zamanı da Qazax rayonunun Xanlıqlar, Qaymaqlı və Yuxarı Salahlı kəndlərində xüsusi karantin rejimi qaydalarının pozularaq toy mərasimlərinin keçirilməsi məlum olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimlərin keçirilməsi dərhal dayandırılıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejiminin qaydaları izah olunub.
Toy sahibləri və mərasimdə iştirak edənlər Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq cərimə ediliblər.
Onu da qeyd edək ki, adları qeyd olunan kəndlərin RİH başçısının İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndələri və məsul işçiləri rəhbərlik etdikləri kəndlərdə keçirilmiş toy mərasimləri barədə aidiyyəti üzrə məlumat vermədikləri üçün cəzalandırılıblar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmrləri ilə RİH başçısının Qaymaqlı kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəsi Əfəndiyev Fikrət İmralı oğluna, icra nümayəndəsinin müavini Kərimov Mövlan Mikayıl oğlu və baş məsləhətçi-baş mühasib Mustafayev Elşad Şadət oğluna, Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Şəmşiyev Nəsib Məmməd oğluna və Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəsinin səlahiyyətlərini icra edən Məmmədov Ərəstun Vəlyəddin oğluna sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.