Onun ən böyük arzusu
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz leytenant Nəsibov Nicat Qəşəm oğlu haqqında yazılmış “Onun ən böyük arzusu” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...
Onun ən böyük arzusu
Nicat sərhəd kəndində dünyaya gəlmişdi. Doğulduğu Qazax rayonunun Cəfərli kəndi düşmənin bir addımlığında yerləşdiyindən torpaq sevgisinin, yurd həsrətinin nə olduğunu yaxşı bilirdi. Düşmənin tez-tez atəşkəsi pozması nəticəsində eşitdiyi güllə səsləri uşaq yaşlarından onun düşmənə olan nifrətini daha da artırır, intiqam hisslərini alovlandırırdı.
1998-ci ilin ilk günü - yanvarın 1-də doğulan Nəsibov Nicat Qəşəm oğlu belə bir mühitdə böyüyür, boy atdıqca qəlbindəki vətənpərvərlik duyğuları da böyüyürdü.
Nicat Nəsibov 2004-cü ildə Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin birinci sinfinə gedən ilk gündən yaxşı oxuyurdu. Müəllimi Gülmirə Baxşəliyeva deyir ki, Nicat çox hazırlıqlı, bilikli uşaq idi. Dərslərini yaxşı oxuyar, yüksək qiymətlər alardı. Lakin Nicat təhsilini davam etdirmədi. Yaxşı oxumasına baxmayaraq, hərbi yolu seçib ömrünü bu sənətə həsr etməyi elmdən üstün tutdu. 2012-ci ildə orta məktəbin səkkizinci sinfini bitirib sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verdi, yüksək göstərici ilə qəbul olaraq oxumağa başladı.
Nicat Nəsibov 2015-ci ildə həmin liseyi bitirdikdən sonra təhsilini daha da artırmaq məqsədilə elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Hərbi Məktəbdə "Xüsusi təyinatlı texnika və sistemlər" ixtisası üzrə ali təhsil alan zaman hərb sənətini daha da dərindən öyrəndi, gələcəyin zabiti kimi formalaşdı.
2019-cu il Nicatın ən çox sevindiyi illərdən biri idi. Təhsilini başa vurub leytenant rütbəsi almış, uşaqlıqdan ürəyində kök atmış arzusuna çatmışdı. Qarşıda onu gənc, perspektivli bir zabit kimi uğurlu hərbi xidmət və saysız-hesabsız arzular gözləyirdi.
Şəhidin anası İlhamə xanım deyir:
- Nicat çox vətənpərvər, elinə-obasına gərəkli, namuslu-qeyrətli oğul idi. Biz onu vətənpərvər böyütmüşdük. Nicatın ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək idi.
Nicat Nəsibov hərbi xidmətə çox ürəklə və böyük arzularla başladı. Vətənə borcunu vermək zamanı gəlib çatmışdı. "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu.
2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarına qarşı ordumuzun keçirdiyi əks-hücum əməliyyatları zamanı Nicat Nəsibov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. Düşməndən intiqam almaq, onun layiqli cavabını vermək məqamı gəlib çatmışdı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etmək zamanı yetişmişdi.
Anası İlhamə xanım Nicatla 2 sentyabr 2020-ci ildə olan son görüşündən danışaraq deyir:
- Nicat sonuncu dəfə Ofelya nənəsi rəhmətə gedəndə gəlmişdi evimizə. Cəmi 3 gün qaldı. Yas mərasimindən qayıdanda bütün kəndi başdan-ayağa gəzib dolaşıb. Elə bil kəndlə vidalaşırmış. O vaxtdan sonra bir də görmədim oğlumu.
Sentyabrın 26-da isə telefonla danışıb anası ilə, hal-əhval tutub. Müharibədən, hərbi vəziyyətdən heç nə deməyib. Ümumiyyətlə, Nicat hərbi barədə heç vaxt heç nə danışmaz, bu haqda bir kəlmə söz də deməzmiş. Bu da onun hərbçi xarakterindən, əsl zabit olmasından irəli gəlirdi.
Leytenant Nicat Nəsibov Vətən müharibəsinə "N" saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 1-ci tağımının tağım komandiri kimi qatılıb. Xocavəndin, Cəbrayılın, Xudafərin körpüsünün düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşları deyirlər ki, Nicat çox mərd, mübariz, qorxmaz bir zabit idi. Həmişə irəlidə gedərək bizə mənəvi ruh verirdi. Anası İlhamə xanım deyir ki, Nicat kəşfiyyatçı kimi verilən bütün hərbi tapşırıqları layiqincə yerinə yetirib.
Nicat Nəsibov 18 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub qələbə gününü görə bilmədi. 22 yaşlı gənc leytenant döyüş meydanında əbədiyyətə qovuşdu. Azərbaycan Ordusunun igid əsgər və zabitləri torpaqlarımızı düşməndən azad edib onun ən böyük arzusunu həyata keçirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər.
Şəhid leytenant Nicat Nəsibov Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid, leytenant Nicat Nəsibovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.