Şriftin ölçüsü :

Saytın rəngi :

"Əjdaha" ləqəbli kəşfiyyatçı

14 aprel 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz leytenant Yaqubov Mayis Rəhim oğlu haqqında yazılmış “"Əjdaha" ləqəbli kəşfiyyatçı” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...

"Əjdaha" ləqəbli kəşfiyyatçı

Müharibəyə həsr olunmuş filmləri daha çox sevirdi Mayis. Ən çox sevdiyi kino isə xalq qəhrəmanı Qaçaq Nəbiyə həsr olunmuş "Atları yəhərləyin" filmi idi. Xüsusilə filmdəki "Anama deyin, balası gələr" sözləri ilə başlayan mahnını daha çox sevirdi. Anası Ruhiyyə xanım danışır ki, Mayis hər dəfə o kinoya baxıb mahnıya qulaq asanda deyirdi ki, elə bil, bu mahnı mənə həsr olunub. Onun bu mahnını sevməsini bütün hamı bilirdi. Ona görə də həyatın sonrakı dönəmində, Mayis müharibədə olanda qohum-qonşular anasına təskinlik verərək deyirdilər ki, darıxma, balan gələcək. Gözləyirdi, başqa çarəsi də yox idi Ruhiyyə xanımın. Gözləyirdi ki, oğlu bir gün gələcək...
Kəşfiyyatçı leytenant Yaqubov Mayis Rəhim oğlunun cəmi 22 il davam edən, amma bir insan ömrünə sığmayan ömür kitabı çox zəngin, əhatəli və qürurvericidir. Bu kitabın hər səhifəsinə bir dastan yazılıb - gənc, amma çox təcrübəli bir kəşfiyyatçının ömür-gün dastanı.
Evlərində otaqlardan birinin baş tərəfində Mayisin şəkillərindən, sənədlərindən, şəxsi əşyalarından ibarət bir guşə düzəldilib. Hər baxdıqca insanı başqa bir aləmə aparan bu guşədə hər şey Mayisə aiddir. Bu əşyaların hər biri bir tarix, hər biri qiymətli bir xatirədir. Böyüdülüb çərçivəyə salınmış şəkillərdən pəhləvan cüssəli, boy-buxunlu bu gənc qürurla, şəstlə bizə baxır. İnana bilmirsən ki, o, artıq həyatda yoxdur.
Mayis Yaqubov 1998-ci ilin yaz aylarında Qazax rayonunun Daş Salahlı kəndində gəlmişdi dünyaya. Aprelin 20-də doğulanda hamı gözaydınlığı vermişdi ata-anasına. Mayis ailənin ilk övladı, evin böyük oğlu idi. Uşaqlığı qayğısız və mənalı keçir, xoşbəxt böyüyürdü. Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbə oxumağa gedəndə boy-buxunu, qoçaqlığı ilə yaşıdlarından seçilirdi. Hələ uşaq vaxtında ondan "Gələcəkdə nəçi olacaqsan?" deyə soruşanda, düşünmədən: "Hərbçi olacağam" - deyə cavab verirdi.
Atası Rəhim kişi danışır:
- Hərb sahəsini Mayis özü seçmişdi. Oxumağa meyli olsa da, idmanı daha çox sevirdi. Uşaq vaxtından bağımızdakı ağaclara bıçaq, balta atırdı. Soruşanda da: "Mən kəşfiyyatçı olacağam, onda bunlar mənə lazım gələcək" deyirdi. Hər gün 3-4 saat idman edirdi. Yorulmaq bilmirdi.
Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci sinfini bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oub və 3 il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 4 il oxuyub. 2019-cu ildə həmin məktəbi bitirməklə leytenant rütbəsi alıb. "N" saylı hərbi hissədə xidmətə başlayandan 3 ay sonra Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinə keçib. Bunlar Mayis Yaqubovun hərbi təhsil dövrünün qısa xronikasıdır. Bu illərin arxasında mütəmadi təhsil, gərgin fiziki tərbiyə və böyük zəhmət durur. O, təhsildə olduğu kimi, xidmətdə də fərqlənib, 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.
Mayis Yaqubovun qəhrəmanlığı ilə yazdığı döyüş salnaməsi isə daha şərəfli, daha qürurlu və qibtəedicidir. Onun döyüş yolu 2020-ci il oktyabrın 11-də Hadrutdan başlayıb. Burada düşmənin hücumunun qarşısını alandan sonra Füzulinin kəndlərinə doğru irəliləyiblər. Şəhərləri, kəndləri azad edib aldıqca ünvanlar da dəyişib, döyüşlər daha qızğın, daha şiddətli xarakter alıb. Buna baxmayaraq, Mayis bütün döyüşlərdə mərdi-mərdanə vuruşub, düşmənə aman verməyib. 
Döyüş yoldaşı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nicat Abdullayev danışır ki, qanunla pulemyot yerə qoyulub atılır. Amma Mayis o qədər güclü, o qədər şücaətli idi ki, döyüşdə pulemyotu məndən alıb ayaq üstə atırdı. Ona görə də ona yoldaşları "Əjdaha" ləqəbi vermişdilər. Bu yerdə Ruhiyyə xanımın bir sözü yadıma düşür. Mayis uşaq yaşlarında anasına deyirmiş ki, mənə bir nağıl danış, elə nağıl danış ki, orada əjdaha olsun. Ona görə ki, mən əjdaha olacağam.
Nicat Abdullayev danışır:
- Oktyabrın 17-də Xocavəndin Tuğ kəndində düşmənin güclü müqavimətinə rast gəldik. Buna baxmayaraq, onları darmadağın elədik. Biz düşmənin səngərini alan zaman Mayis minaatan silahdan atılmış mərminin qəlpəsindən ayağından ağır yaralandı. Mən onu səngərə doğru apardım. Bu zaman səngərə daha bir mərmi düşdü. İlk yardım göstərsəm də, Mayis gülümsəyə-gülümsəyə şəhid oldu. Sanki o, ölümün üzünə gülürdü.
"N" saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov 17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Mayis Yaqubovun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Döyüş yoldaşlarının "Əjdaha" ləqəbi ilə çağırdığı kəşfiyyatçı, leytenant Mayis Yaqubov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər