Şriftin ölçüsü :

Saytın rəngi :

"Biz qələbə çalacağıq"

15 aprel 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz baş gizir Hacıyev Teymur Zaur oğlu haqqında yazılmış "Biz qələbə çalacağıq" sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...

"Biz qələbə çalacağıq"

Bu sözləri baş gizir Teymur Hacıyev Vətən müharibəsinin başlandığı ilk gündən demişdi. 12 il hərb sahəsində xidmət etmiş təcrübəli bir hərbçi kimi bilirdi Azərbaycan Ordusunun nəyə qadir olduğunu. Silahlı qüvvələrimizdəki texnikaya, əsgər və zabitlərimizin döyüş qabiliyyətinə və gücünə bələd idi. Ona görə də müharibədə bizim qələbə çalacağımıza bütün varlığı ilə inanırdı. İnam olan yerdə isə insan daha ürəklə döyüşür, daha qorxmaz və mətin olur.
Hacıyev Teymur Zaur oğlu haqqında yazmaq üçün onun tərcümeyi-halını oxuyur, oxuduqca da keçdiyi qısa, lakin şərəfli ömür yolu ilə daha yaxından tanış oluram. Həyat yoldaşı Lalə xanım Teymurdan yadigar qalan sənədləri, əşyaları qarşımıza qoyub ömür-gün yoldaşının keçdiyi ömür yolundan danışır. Teymur Hacıyevin zəngin olan tərcümeyi-halında yazılmış cümlələr məni 28 yanvar 1991-ci ilə, onun Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulduğu günə aparır. Ailənin sonbeşiyi olan Teymur yaşca kiçik olmasına baxmayaraq, çox qoçaq, bacarıqlı və məsuliyyətli idi. Ona görə də ailədə ona daha çox inanır, lazım olan işlərə onu buyururdular.
Bu xüsusiyyəti 1997-ci ildən 2008-ci ilə qədər ilk təhsil aldığı Yuxarı Salahlı kənd tam orta məktəbində onu müəllimlərin sevimlisinə çevirmişdi. Bununla yanaşı, məktəbdə həm yaxşı oxuyur, həm də təlim-tərbiyəsi ilə yaşıdlarından fərqlənirdi. Müəllimləri deyir ki, Teymur məktəbdə oxuduğu illərdə yaddaqalan şagird olmuşdur.
2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılması onun həyatına bir yenilik gətirdi. Həmin ildən sonra Teymur Hacıyev hərbi sahədə qalıb hərbçi kimi xidmət etməyi qarşısına məqsəd qoydu. Elə bu arzu ilə də hərbi sahədə mətin addımlarla irəliləməyə başladı, bütün varlığı ilə ona bağlandı.
2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətinin başa çatmasına 3 ay qalmış "Gizir" hazırlıq kursuna imtahan vermək üçün Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinə (TTM) getmişdir. Gizirlik Hazırlıq Kursuna (GHK) qəbul olub həmin ilin 28 avqustunda gizir rütbəsi almış, "N" saylı hərbi hissəyə baş sürücü-mexanik vəzifəsinə göndərilmişdir. Daha bir göndəriş isə 2014-cü il oktyabr ayının 19-da olmuşdur. Həmin göndərişə əsasən "N" saylı hərbi hissədə emalatxana rəisi olmuş, 2018-ci ildə isə baş gizir vəzifəsinə təyin edilmişdir.
Teymur Hacıyev xidməti dövründə həmişə öz nizam-intizamı, verilən tapşırıqlara vaxtlı-vaxtında əməl etməsi ilə fərqlənmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. Onun haqqında verilmiş xidməti xasiyyətnamədə oxuyuruq: "Baş gizir T.Hacıyev xidmət etdiyi müddət ərzində özünü intizamlı, savadlı, bacarıqlı və işgüzar bir hərbi qulluqçu kimi göstərmişdir. Hərbi qanun və nizamnamələri bilir, xidməti vəzifə borclarına məsuliyyətlə yanaşır".
Bu yüksək dərəcəli xidmətin nəticəsidir ki, Teymur Hacıyev Müdafiə Nazirliyi tərəfindən 23.05.2016-cı ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Bir il sonra isə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medal almışdır.
Atası Zaur kişi sonuncu görüşlərini belə xatırlayır:
- Oktyabrın 10-da gecə evə gəlmişdi. Anası Sahibə xanım, həyat yoldaşı və uşaqları ilə görüşüb ayrıldı. Bu, Teymurun sonuncu gedişi oldu. Ertəsi günü zəng elədi ki, mən Füzulidəyəm.
Sonra Teymurun sədası başqa şəhər və rayonlardan gəldi. Hərdən zəng edəndə həvəslə: "Düşmənin xeyli texnikasını qənimət götürmüşük. Silahlarını qoyub qaçırlar" -deyirdi.
Horadiz kəndində iştirak etdiyi hərbi əməliyyat çox qanlı-qadalı olmuş, düz 3 gün döyüş getmişdir. Teymur Hacıyev oktyabrın 13-də Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən səngərdə qəhrəmancasına şəhid olmuşdur. Hüseyn və Zaur adlı 2 azyaşlı oğlu yadigar qalmışdır. 
Şəhid baş gizir Teymur Hacıyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər