Qazaxda gənclər Aprel şəhidlərinin məzarlarını ziyarət ediblər
Azərbaycan tarixinə "Aprel döyüşləri” kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət oldu. 5 il öncə Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Fərəhli haldır ki, Aprel döyüşlərinin beşinci ildönümünü 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin qürurunu yaşadığımız dövrdə qeyd etdik.
Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı.
Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin, o cümlədən də Aprel döyüşlərinin qəhrəmanlarının əziz xatirəsini böyük ehtiramla anırıq.
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən könüllülərin iştirakı ilə Aprel döyüşləri zamanı Qazax rayonunun Aslanbəyli kəndindən qəhrəmancasına şəhid olmuş əsgər Əliyev Orxan Məhəmməd oğlunun və Fərəhli kəndindən şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlunun məzarları ziyarət olunub.
Gənclər Vətən oğullarının məzarları üzərinə tər qərənfillər düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və ziyarət mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanov çıxış edərək bildiriblər ki, Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya 5 il öncə şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq və məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu və yenilməz Ermənistan ordusu mifini darmadağın etdi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin başlanğıcı olan Aprel döyüşlərindən 5 il ötməsinə baxmayaraq xalqımızın nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unutmadığını, ildən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımızın daha da artdığını qeyd ediblər. Bugünkü ziyarətin də məhz bu məqsədə xidmət etdiyini, şəhidlərimizin döyüş yolunun, qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında bir körpü rolunu oynadığını söyləyiblər. Mühüd, Elvin, Orxan kimi oğullarımızla nəinki qazaxlıların, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini qürur hissi ilə dilə gətiriblər.
Şəhid atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından dərin minnətdarlığını çatdırıb. Bu gün övladı Orxanın, eləcə də bütün şəhidlərimizin ruhunun şad olduğunu, qisaslarının alındığını bildirib. Buna görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdar olduğumuzu dilə gətirən şəhid atası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.