Qazaxda bu günədək vətəndaşlara 35 min 793 doza vaksin vurulub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.
Vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 35 min 793 doza vaksin vurulub. Birinci doza vaksin vurulmuş şəxslərin sayı 23 min 233 nəfər, ikinci doza vaksin vurulmuş şəxslərin sayı isə 12 min 560 nəfərdir.
Məlumat üçün bildirək ki, əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün Qazax Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində qəbul otağı, qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.