"Qapımızdan bayraq asın, tezliklə qayıdacağam"
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz gizir Nağıyev Anar Sahib oğlu haqqında yazılmış "Qapımızdan bayraq asın, tezliklə qayıdacağam" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
"Qapımızdan bayraq asın, tezliklə qayıdacağam"
Vətəninə, doğulduğu torpağa çox bağlı olan, ona sevdiyi qədər də inanan gənc idi Anar. El-obasına bağlılıq, inam və ehtiram onun torpağa olan sevgisindən irəli gəlirdi. Qəlbən, bütün varlığı ilə bağlı idi qoynunda boy atdığı Azərbaycan torpağına.
Nağıyev Anar Sahib oğlunun keçdiyi ömür yolunu vərəqləyərkən bu yüksək duyğular gəlib keçdi ürəyimdən. O, 31 il deyil, kitablara sığmayan şərəfli, mənalı, igidliklə dolu olan bir ömür yaşayıb. Əbədiyyətə qovuşan bu ömür şəhidlik zirvəsinə yüksələrək tarixin şanlı səhifəsinə yazılıb. Yazılıb ki, bu gün, elə sonradan gələn nəsillər də oxuyub Anarın həyatından ibrət götürsünlər.
1989-cu ilin 30 oktyabrında Nağıyevlər ailəsində oğlan uşağı dünyaya gəlmişdi. Gəncə şəhərində eşidən-bilən, qohum - qonşular Sahibə gözaydınlığı verir, "Doğulan körpə Vətəninə, ailəsinə xeyirli bir övlad olsun" - deyirdilər.
Anar Nağıyev qayğısız uşaqlıq illərini yaşayır, ürəyində Vətəninə olan sevgisi ilə birgə böyüyürdü. 1996-cı ildə Samux rayonunun Alıuşağı kənd tam orta məktəbinin birinci sinfinə gedən gündən Vətənə, Anaya aid çoxlu şeirlər söyləməklə müəllimlərin diqqətini özünə cəlb eləmişdi. 2000-ci ildə ailəsi ilə birlikdə Qazax rayonunun Ürkməzli kəndinə köçüb burada yaşayanda vətənpərvərlik duyğuları daha da artdı. Axı, Qazax, elə yaşadıqları kənd də mənfur düşmənlə sərhəddə yerləşirdi.
Orta təhsilini Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində davam etdirən Anar həmin məktəbin XI sinfini bitirib 2008-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılandan sonra Anarın arzu və istəkləri dəyişməyə başladı. Hərbidə olan nizam-intizam, qayda-qanun onun ürəyində olan vətənpərvərlik duyğularını daha da artırdı. Anar həyatını bu sahəyə bağlamağa qərar verdi.
2009-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunandan sonra evlərinə gəldi. Üç aydan sonra sənədlərini hazırlayıb çavuşluq kursunda oxumağa getdi. 21 yanvar 2010-cu ildən 10 aprel 2010-cu ilə qədər isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) minaatan komandiri kursunu bitirərək çavuş rütbəsi almış, "N" hərbi hissədə xidmət etməyə başlamışdır. 2012-ci ilin yanvarında isə TTM-də 6 ay gizirlik kursunu keçmiş, gizir rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmətini davam etdirmişdir.
Atası Sahib danışır ki, Anar Türkiyədə xüsusi kurslarda hərbi təhsilini artırdıqdan sonra mükəmməl hərbçi kimi böyük həvəslə xidmət edirdi.
Anar Nağıyevin 13 illik yüksək hərbi xidməti Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilmiş, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013), “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları, həmçinin "Hərbi xidmətdə fərqlənməyə görə" (26.06.2017) və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli (2019-cu il) medalları ilə təltif olunmuşdur.
O, döyüşlərdə olmuş, 2014-cü ildə Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən yaralanmışdı. Anar Nağıyev Aprel döyüşlərində də iştirak etmiş, igidlik göstərmişdi. Bu səbəblərdən də onun döyüş təcrübəsi var idi. Ona görə də Vətən müharibəsində iştirak etdiyi döyüşlər ona heç də çətin gəlmədi. Murov dağında ilk vuruşmaya girən Anarın döyüş yolu Kəlbəcərdə, Füzulidə davam edib. Hadrutda ayağından yaralanmasına baxmayaraq, müalicə olunmağa getməyib, döyüşüb. 8 noyabr 2020-ci ildə Qarabağın üzük qaşı olan Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə isə qəhrəmancasına şəhid olub.
Anası Məlahət xanım deyir ki, axırıncı dəfə yaralananda hospitala yanına getmişdik. Müharibədən danışan Anar "Az qalıb, qapımızdan bayraq asın, tezliklə qayıdacağam" - dedi. Onun dediyi kimi də oldu. Qələbə çaldıq, Anar Nağıyevin yaşadığı evin qapısından bayraq da asıldı. Amma...
Gizir Anar Nağıyevin göstərdiyi qəhrəmanlıq ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilən Anar daha sonra 3 medala da layiq görülmüşdür. O, ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsaəsn "Şuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.