Ləqəbi "Qara qartal" idi
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz kiçik gizir Mədətov Röyal Şahin oğlu haqqında yazılmış "Ləqəbi "Qara qartal" idi" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
Ləqəbi "Qara qartal" idi
Dünyaya hərbçi olmaq üçün gəlmişdi elə bil. 14 may 1992-ci ildə Röyal əyninə hərbi formanı geyinib Vətənə xidmət etmək üçün doğulmuşdu sanki. Uca boyu, enli kürəyi, iti baxışları ilə elə ilk görünüşdən diqqəti cəlb edirdi. Qazax rayonunun Hüseynbəyli kəndində bir gənc böyüyürdü - gələcəkdə qəhrəman olub adı dillərə düşəcək bir gənc. Mədətov Röyal Şahin oğlunun sabahına böyük ümid bəslənilirdi.
1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə gedəndə qoçaqlığı, güclü hafizəsi və dürüstlüyü ilə müəllimlərin diqqətini özünə cəlb eləmişdi, yoldaşları arasında sayılıb-seçilirdi. 2009-cu ildə orta məktəbi bitirəndən sonra müstəqil həyata qədəm qoydu. Həyatda irəliləmək, ömrün dolanbac yollarını keçib getmək üçün özünə hər hansı bir peşəni, sənəti seçməli idi. Röyal Qazax rayon Əlahiddə Müdafiə Taborunun tərkibində könüllü olaraq gizir hərbi rütbəsində xidmət etmiş atası Şahini uşaqlıqdan hərbi formada görmüş, bu səbəbdən də hərb sahəsinə marağı artmışdı. Şahin kişi danışır:
- Röyalla ata-bala yox, yaxın dost olmuşuq. Hərdən ermənilərə qarşı döyüşməyimizdən söz açanda "Böyüyəndə mən də erməni öldürəcəm, sizin qisasınızı alacağam" deyirdi. Qardaşı Taleh söyləyir ki, Röyal idmanın sərbəst güləş növü ilə ciddi məşğul olurdu. Rayonda, eləcə də respublika yarışlarında iştirak etmiş, yüksək yerlər də tutmuşdu.
Röyal Mədətov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılıb qulluq edəndə fikrini birdəfəlik qətiləşdirdi. Ona görə də 2012-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra, həmin ildə könüllü olaraq Azərbaycan Ordusu sıralarına qayıtdı. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Xidməti müddətində özünü bacarıqlı, səriştəli, döyüş texnikasının sirlərinə yiyələnmiş bir hərbçi kimi göstərərək fərqləndi.
Röyal Mədətov daim təhsilini artırmaq qayğısına qalır, öz üzərində çalışırdı. O, xidmət edən müddətdə kurslara qatılaraq yüksək nəticələr göstərmişdi. Sınaqlardan 116 nəfərdən cəmi 6 nəfər keçmiş və Xüsusi Təyinatlı Qüvvələrə qəbul edilmişdi. Onlardan biri də Röyal Mədətov idi. Üstəlik, Röyal normativləri yüksək nəticə ilə yerinə yetirdiyi üçün ona kiçik gizir rütbəsi də vermişdilər.
Xüsusi Təyinatlı Qüvvələrə qəbul ediləndə elə bil Röyala dünyanı bəxş eləmişdilər. Zarafat deyil, ürəyində kök atmış arzularının ikisinə bir gündə çatmışdı. Röyal Mədətov nümunəvi xidmətinə görə Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmasına baxmayaraq, onları sinəsinə taxmağı sevməzdi, "Vətən hələ dardadır" deyərdi.
2016-cı ilin Aprel döyüşləri onun ömür dastanında yeni bir səhifə açdı. İştirakçısı olduğu vuruşmaların birində yaralandı. Müalicə aldıqdan sonra təkrar olaraq ordu sıralarına qayıdıb kiçik gizir kimi hərbi xidmətini davam etdirməyə başladı.
Vətən müharibəsinin ilk günündə Röyalın komandiri olduğu manqa Murov dağındakı yüksəkliyin alınması uğrunda gedən döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, hərbi texnikasını sıradan çıxarıb. Döyüş yoldaşları danışır ki, vuruşmalarda Röyal sanki od parçasına dönürdü. Uşaqlar deyirmiş ki, Mədətovun yenə tərs damarı tutub. Sonra Qubadlıda ermənilərə qan udduraraq Cəbrayıl istiqamətində döyüşlərə qatılıblar. Röyal Mədətov burada yaralanıb. Müalicə olunduqdan sonra Füzulidə döyüşə girib, Şuşa istiqamətində döyüşərək yüksəkliyi ələ keçiriblər.
"N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrdə xüsusi təyinatlı manqa komandiri olan kiçik gizir Röyal Mədətov Vətən müharibəsində əsl igidlik və qəhrəmanlıq göstərib. Gözündə qorxu yox idi. Ona görə də döyüş yoldaşları ona "Qara qartal" ləqəbi vermişdilər. Röyal Mədətov öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə göstərirdi.
Qırmızı bazar (Şuşa istiqamətində) kəndi uğrunda gedən vuruşmada 22 oktyabr 2020-ci il tarixində snayperin atdığı güllə ilə düz ürəyindən vurulub və döyüş meydanında şəhid olub. Ailəli idi. Övladı yoxdur.
Kiçik gizir Röyal Mədətovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.